İƏT PARLAMENT İTTİFAQININ KONFRANSINDA

XƏBƏRLƏR
24 yanvar 2012 | 04:01   
Paylaşın:        

Milli Məclisin deputatları Gövhər Baxşəliyeva, Mirkazım Kazımov, Cavanşir Paşazadə, Sabir Rüstəmxanlı İslam Əməkdaşlıq Təşkilatının Parlament İttifaqı Konfransının 7-ci sessiyasında iştirak etmək üçün yanvarın 24-də İndoneziyanın Palembanq şəhərinə səfər edəcəklər.
Tədbirdə qurumun Baş katibinin hesabatı dinləniləcək, İƏT Parlament İttifaqında Maldiv Xalq Məclisinə üzvlük, Moro Milli Azadlıq Cəbhəsinə müşahidəçi statusunun verilməsi, Layihələşdirmə Komitəsinin təsis olunması və təşkilatı məsələlər müzakirə olunacaq, sessiyanın bəyannaməsi və qətnamələri qəbul ediləcək.
Səfər çərçivəsində İƏT Parlament İttifaqında nümayəndə heyətimizin rəhbəri Gövhər Baxşəliyeva Müsəlman Qadın Parlamentarlarının Konfransında iştirak edəcək. Toplantıda müsəlman qadınların ictimai-siyasi həyatda iştirakı, müsəlman ailələrdə məişət problemlərinin həlli, münaqişələrin aradan qaldırılmasında qadınların rolu və digər məsələlər barədə fikir mübadiləsi aparılacaq.
Deputatlarımız, eyni zamanda, təşkilatın Siyasi və iqtisadi məsələlər üzrə, Hüquqi məsələlər, insan hüquqları və ətraf mühit üzrə, Qadınlar, sosial və mədəni məsələlər üzrə daimi ixtisaslaşmış komitələrinin iclaslarında, Ümumi komitənin toplantısında da iştirak edəcəklər.
Millət vəkilləri İƏTPİ-nın BMT-də müşahidəçi statusu almaq üçün müraciəti, Onillik Fəaliyyət Proqramının yerinə yetirilməsi, regional münaqişələr, o cümlədən Dağlıq Qarabağın işğalı, müsəlman dövlətləri arasında həmrəylik və birliyin təşviqi, iqtisadi əlaqələrin genişləndirilməsi, beynəlxalq maliyyə böhranının mənfi təsirinin öyrənilməsi ilə əlaqədar xüsusi komitənin təsis olunması və digər mövzularda aparılan müzakirələrə qatılacaq, məsələlərə öz münasibətlərini bildirəcəklər.
Səfər fevralın 2-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU