TƏHLÜKƏSİZLİK VƏ MÜDAFİƏ KOMİTƏSİNİN İCLASINDA

XƏBƏRLƏR
15 may 2013 | 05:05   
Paylaşın:        

Mayın 13-də Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin növbəti  islası keçirildi. İclasda “Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Beynəlxalq Hərbi İdman Şurası arasında Beynəlxalq Hərbi İdman Şurasının Birinci Dünya Futbol Kubokunun təşkili haqqında Müqavilənin təsdiq olunması barədə” qanun layihəsi müzakirə olundu.
Milli  Məclis  Sədrinin birinci müavini, komitə sədri Ziyafət Əsgərov bildirdi ki, 2013-cü ilin fevralın 27-də Bakıda imzalanmış bu müqavilədə tərəflərin öhdəlikləri, yarışların təşkili, keçirilməsi, yayımı və digər məsələlər əksini tapıb. FİFA, Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, AFFA-nın tərəfdaş olduğu bu yarışlarda 16 komanda iştirak edəcək. İyun ayının 30-dan iyulun 16-dək Bakıda keçirilməsi nəzərdə  tutulan futbol turnirində Afrika qitəsinə 4, Amerikaya 3, Asiyaya 4, Avropaya 3 yer ayrılıb. Həmçinin, Azərbaycan yarışa ev sahibi, Əlcəzair isə titulun sahibi kimi qatılacaq. Birinci vitse-spiker onu da  vurğuladı ki,  belə bir tədbirə ev sahibliyi etmək  son zamanlar  müxtəlif  sahələrdə  uğurlar  qazanan Azərbaycana olan böyük hörmət və etimadın ifadəsidir. Qeyd  olundu ki, bu vaxtadək dəfələrlə ölkəmizdə mülki idmançıların yarışdığı müxtəlif beynəlxalq turnirlər keçirilib, hərbi sahədə çalışanların idman bayramının təşkili  isə ilk dəfədir. Tədbir hərbiçilərin fiziki  sağlamlıqlarının qorunmasına  da  bir töhfə olacaq.
Milli Məclisin deputatları Aydın Mirzəzadə, Adil Əliyev, Fərəc Quliyev və başqaları  çıxış edərək sənədin əhəmiyyəti barədə danışdılar, təkliflərini bildirdilər.
Müzakirələrdən sonra qanun layihəsinin Milli Məclisin plenar iclasına çıxarılması tövsiyə olundu.


Milli Məclisin

Mətbuat  xidməti  

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU