MİLLİ MƏCLİSİN İCLASINDA

XƏBƏRLƏR
15 may 2013 | 04:05   
Paylaşın:        

Mayın 14-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Əvvəlcə deputatlar cari məsələlərlə bağlı fikirlərini diqqətə çatdırdılar.
Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanıldı. İlk olaraq “Qara Dəniz Ticarət və İnkişaf Bankının təsis edilməsi haqqında Saziş”ə düzəlişlərin təsdiq edilməsi barədə” qanun layihəsinə baxıldı. Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə layihə ilə bağlı məlumat verdi. Komitə  sədri sənəddəki düzəlişlərin əksəriyyətinin redaktə xarakterli olduğunu vurğuladı. Qanun layihəsi səsə  qoyularaq təsdiq edildi.
Sonra  Ziyad Səmədzadə “Avtomobil yolları haqqında” qanunda dəyişikliklər edilməsi barədə” sənədi müzakirəyə təqdim etdi.  Bildirildi ki, sənəd Azərbaycanda avtomobil yollarının və onlarla əlaqədar mühəndisi qurğuların layihələndirilməsi, tikilməsi, istifadəsi, inkişafı, habelə yol təsərrüfatının idarə edilməsinin hüquqi, texniki-iqtisadi və təşkilati prinsiplərinin ümumi əsaslarını müəyyənləşdirir və yol təsərrüfatı subyektləri arasında yaranan əsas münasibətləri tənzimləyir. Dəyişikliklərlə bağlı ətralı məlumat verən komitə sədrinin sözlərinə görə, bütün bunlar nəqliyyat sahəsinin müasir tələblər səviyyəsində qurulması prinsiplərinə xidmət  edəcək. Sənəddə həm də avtomobil yolları şəbəkəsinin müasirləşdirilməsi və genişləndirilməsi,  yol təsərrüfatının inkişaf etdirilməsi, yollarda yüksək sürət rejiminin və təhlükəsizlik tələblərinin təmin olunması məqsədilə yüksək standartlara və normativlərə uyğun ödənişli avtomobil yollarının yaradılması nəzərdə tutulur. 
Layihənin müzakirəsi zamanı deputatlardan Vahid Əhmədov, Əli Məsimli, Elton Məmmədov, Fərəc Quliyev, Astan Şahverdiyev, Gülçöhrə Məmmədova, Fəzail Ağamalı layihə ilə bağlı fikirlərini bildirdilər. Qanun layihəsi səs  çoxluğu ilə qəbul edildi.
Daha sonra iclasda “İcbari sığortalar haqqında” Qanuna dəyişikliklər edilməsi barədə sənəd müzakirə edildi. Layihə ilə bağlı məlumat verən Ziyad Səmədzadə qeyd  etdi ki, sənəd respublikamızda daşınmaz əmlakın icbari sığortası, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası, daşınmaz əmlak sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişinlərin icbari sığortası sahəsində hüquqi və iqtisadi münasibətləri tənzimləyəcək. Sənəddə  icbari sığorta növlərinin həyata keçirilməsinin ümumi əsasları, aparılma qaydaları və şərtləri müəyyən edilir.
Millət  vəkilləri Vahid  Əhmədov,  Sədaqət  Vəliyeva, Zahid Oruc, Azər  Badamov  çıxış edərək  sənədə  edilən dəyişiklikləri məqbul hesab  etdiklərini diqqətə  çatdırdılar. Qanun layihəsi səsə  qoyularaq  qəbul  edildi.
Gündəlikdəki digər iki məsələ - Cinayət və İnzibati Xətalar Məcəllələrində edilən dəyişikliklərlə bağlı Hüquq siyasəti və dövlət quruculuğu  komitəsinin sədri Əli Hüseynli məruzə etdi. Bildirildi ki, hər iki sənəd Azərbaycan Respublikasının Baş Prokurorunun qanunvericilik təşəbbüsü əsasında Milli Məclisə daxil olub. Hər iki layihə “Normativ  hüquqi  aktlar haqqında”  qanuna  uyğun olaraq  hazırlanıb. Əli Hüseynli qeyd  etdi ki, Cinayət  Məcəlləsində edilən dəyişikliyin mahiyyəti ondan ibarətdir  ki, bundan sonra internetdə yayılan yanlış məlumat da böhtan və təqsirlilik  maddələrinin təsiri altına düşür. Bildirildi ki, KİV-lərdə təhqir  və böhtana görə nəzərdə  tutulan  məsuliyyət  eyni qaydada kütləvi şəkildə yayılan  internet  informasiya  ehtiyatlarına da tətbiq  ediləcək.
Komitə  sədri dedi ki, İnzibati  Xətalar Məcəlləsinə  edilən dəyişikliklərə görə inzibati məsuliyyət  üçün nəzərdə  tutulan 15  sutkalıq  həbs cəzasının 3  ayadək  uzadılması  nəzərdə  tutulur. Deputatlardan  Zahid  Oruc, Qüdrət  Həsənquliyev, Çingiz Qənizadə, İlyas İsmayılov,  Fuad Muradov, Sahib  Alıyev  çıxış edərək qanun layihələrində  edilən dəyişikliklərlə  bağlı fikirlərini  bildirdilər. Müzakirələrdən sonra hər iki sənəd səsə qoyularaq qəbul edildi.
Sonra deputatlar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunu birinci oxunuşda müzakirə  etdilər.  Sənədlə  bağlı məlumat verən  İqtisadi  siyasət  komitəsinin  sədri  Ziyad  Səmədzadə qanunun əhəmiyyətini vurğuladı.  Bildirildi ki, qanun ölkədə sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və həyata keçirilməsi qaydalarını, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən edir. Sənəd  səs  çoxluğu  qəbul edildi.
Sonra iclasda Əli Hüseynlinin təqdimatında Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi  müzakirəyə  çıxarıldı. Bildirildi ki,  miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə hüquqi vəziyyəti ilə bağlı normaları müəyyənləşdirir.  Qeyd  olundu ki,  dövlətimizin iqtisadi inkişafı, ölkədəki ictimai-siyasi sabitlik xarici ölkə vətəndaşlarının Azərbaycana marağının artmasına və miqrant axınının güclənməsinə səbəb olur. Yeni hazırlanmış məcəllə bu sahədə mövcud  olan  bütün münasibətləri tənzimləyəcəkdir. 
Təqdim olunan qanun layihəsində qeyd olunur ki, xarici ölkədə pasportunu itirmiş, pasportu oğurlanmış və yararsız hala düşmüş, pasportunun etibarlılıq müddəti bitmiş Azərbaycan vətəndaşının və onunla birgə qayıdan 18 yaşına çatmayan və ya xarici dövlətdə 18 yaşını tamamlamış Azərbaycan vətəndaşı olan övladının ölkəyə qayıtmaq hüququ Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi ilə həyata keçirilir. Bu məcəllənin 11.2 maddəsi (yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notarial qaydada təsdiq edilmiş razılığı tələb olunur) istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər. Bundan başqa, Azərbaycana gəlmək üçün viza tələb olunduğu hallarda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu Məcəllə ilə müəyyən olunmuş qaydada viza almalıdırlar. Elm və təhsil üçün alınan vizanın ölkədə qalma müddəti 90 günədək müəyyən edilir.
Məcəllə layihəsi ilk oxunuşda  qəbul  edildi.
Bununla  da  Milli Məclis  öz işini başa  çatdırdı.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU