MİLLİ MƏCLİSDƏ GÖRÜŞLƏR

XƏBƏRLƏR
16 may 2013 | 05:05   
Paylaşın:        

Mayın 16-da Milli Məclisin Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin Küveyt parlamentində Azərbaycanla  dostluq  qrupunun rəhbəri Mübarək Saleh əl-Nəcədə ilə görüşü keçirildi.
Qonağı  salamlayan deputat, işçi qrupun rəhbəri Hüseynbala  Mirələmov ölkələrimiz arasında çox mehriban münasibətlərin mövcud  olduğunu bildirdi. Qeyd  olundu ki,  iki ölkə arasında əlaqələr daim inkişaf edir, siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması üçün yaxşı potensial vardır.
Aqrar  siyasət komitəsinin sədri, işçi qrupun üzvü  Eldar İbrahimov qonağa Ermənistan-Azərbaycan Dağlıq Qarabağ  münaqişəsinin mövcud  durumu  barədə məlumat  verdi. Komitə  sədri qeyd  etdi ki,   hələ də dünyada Ermənistanın işğalçılıq siyasəti yürütdüyünü  bilərək  bu münaqişəyə ikili standartlarla yanaşılır.
Görüşdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, qarşılıqlı əməkdaşlığın inkişafında dostluq  qruplarının rolu, qarşılıqlı təcrübə mübadiləsi və digər mövzularda müzakirələr aparıldı.
*       *       *    
Mayın 16-da Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova ölkəmizdə səfərdə olan Küveyt dövləti Milli Məclisinin Küveyt-Azərbaycan dostluq qrupunun rəhbəri Mübarək Saleh Əl-Nəcədə ilə görüşdü.
Rəbiyyət Aslanova bu gün Azərbaycanın inkişaf etmiş ölkələr sırasına çıxmasında ümummilli lider Heydər Əliyevin böyük rolundan və zəhmətindən danışdı. Azərbaycan və Küveytin İslam dini vasitəsilə bir-birinə dərin köklərlə bağlı olduğunu deyən Rəbiyyət Aslanova Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində ölkəmizə verdiyi dəstəyə görə Küveyt rəhbərliyinə təşəkkürünü bildirdi. Qeyd etdi ki, bu münaqişənin həlli barədə bir sıra beynəlxalq təşkilatlarda dəfələrlə müzakirələr aparılıb və biz münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında həll olunacağına inanırıq.
Görüşdə qonağa Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı, ölkəmizdə insan hüquqlarının qorunması sahəsində görülən işlər, həyata keçirilən dövlət proqramları barədə məlumat verildi. Söhbət zamanı Azərbaycan cəmiyyətində qadının rolu və yeri, elm və təhsil sahəsində əməkdaşlıq, qarşılıqlı münasibətlərin inkişafı üçün səfərlərin vacibliyi barədə fikir mübadiləsi aparıldı. 
Görüşlərdə Azərbaycanın Küveytdəki fövqəladə və səlahiyyətli  səfiri  Tural Rzayev iştirak edirdi.

 

Milli Məclisin
Mətbuat  xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU