Park Byonq-Soq: “Azərbaycan sürətli iqtisadi inkişafa nail olmuş ölkədir”

XƏBƏRLƏR
23 may 2013 | 06:05   
Paylaşın:        

Mayın 23-də Milli Məclisdə Koreya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin Koreya Respublikası Milli Assambleyasının sədr müavini Park Byonq-Soqun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü keçirildi.
Azərbaycan-Koreya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Malik Həsənov qonaqları səmimi salamlayaraq belə səfərlərin ölkələrimiz arasındakı dostluq əlaqələrinin inkişafına təkan verəcəyini bildirdi. O, ölkəmizdə aparılan islahatlar, əldə edilmiş nailiyyətlərdən söhbət açdı. Qeyd edildi ki, Azərbaycan Cənubi Qafqazda strateji mövqeyə malik, ərazisindən mühüm beynəlxalq nəqliyyat dəhlizlərinin keçdiyi bir ölkədir. Koreyanın iqtisadi cəhətdən dünyada inkişaf etmiş dövlətlərdən biri olduğunu qeyd edən deputat, bu ölkənin qabaqcıl şirkətlərinin Azərbaycanda səmərəli fəaliyyət göstərdiyini söylədi.
Parlamentlərarası əlaqələr barədə söhbət açan işçi qrupunun rəhbəri qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayaraq, hər iki ölkənin qanunverici orqanında  dostluq qruplarının fəaliyyət göstərməsini təqdirəlayiq hesab etdi. 
Söhbət zamanı dostluq qrupunun üzvü Fəttah Heydərov Azərbaycan parlament nümayəndə heyətinin Koreyaya səfərini xoş təəssüratlarla xatırladı. O, ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğundan danışdı, əməkdaşlığımızın daha da genişləndirilməsi üçün potensial imkanların mövcudluğunu diqqətə çatdırdı. Millət vəkili ölkəmizin ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi barədə söhbət açaraq, Koreyanın bu məsələdə Azərbaycanın haqlı mövqeyini həmişə dəstəklədiyini təqdirəlayiq hesab etdi.
Koreya Milli Assambleyasının sədr müavini Park Byonq-Soq ölkəmizə səfərlərindən, keçirdikləri görüşlərdən məmnunluğunu ifadə etdi. O, vurğuladı ki, Azərbaycan sürətli inkişafa nail olmuş, beynəlxalq aləmdə layiqli yerini tutmuş bir ölkədir.  Öz ölkəsinin Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu deyən qonaq, əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə inamını bildirdi. Park Byonq-Soq qeyd etdi ki, Azərbaycanın enerji resurslarının zənginliyindən, Koreyanın iqtisadi imkanlarından birgə istifadə edərək böyük nailiyyətlər əldə etmək olar.
Fikir mübadiləsi zamanı Park Byonq-Soq diqqətə çatdırdı ki, Koreya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasının tərəfdarıdır. O, eyni zamanda, Azərbaycanın beynəlxalq səviyyədə Koreyanı dəstəklədiyini minnətdarlıqla qeyd etdi.
Görüşdə deputatlardan Xanlar Fətiyev, Rüstəm Xəlilov, İqbal Məmmədov iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU