Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin Bakıda keçirilən konfransının iştirakçıları ilə Milli Məclisdə görüş

XƏBƏRLƏR
27 may 2013 | 09:05   
Paylaşın:        

Mayın 24-də Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin Bakıda keçirilən konfransının iştirakçıları ilə Milli Məclisdə görüş oldu.
Tədbiri Milli Məclisin Mətbuat katibi Akif Nəsirov acdı.
Sonra Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov qonaqları salamlayaraq, onları Azərbaycanın parlamentində görməkdən məmnunluğunu ifadə etdi, belə möhtəşəm tədbirin Bakıda keçirilməsini əlamətdar hadisə kimi dəyərləndirdi. Bildirdi ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dünya Bankı və Beynəlxalq Valyuta Fondu ilə yaxından əməkdaşlıq etməyə başlamışdır. Azərbaycan bu maliyyə qurumları ilə əməkdaşlığa başlayanda yoxsul ölkələr sırasında idi. Bu ildən etibarən isə Azərbaycan donor ölkələri sırasına daxil olmuşdur. Ölkəmizdə düşünülmüş iqtisadi-siyasi islahatlar həyata keçirilmişdir ki, bunun nəticəsində səmərəli iqtisadi sistem yaradılmışdır. Neft gəlirlərindən məqsədyönlü istifadə iqtisadiyyatı şaxələndirməyə imkan vermişdir. Azərbaycan bu gün çox şəffaf maliyyə sisteminə malikdir. Milli Məclis dövlət büdcəsinin gəlirlərinə və xərclərinə nəzarət edir. Hazırda Cənubi Qafqazda istehsal olunan Ümumi Daxili Məhsulun 80 faizi Azərbaycanın payına düşür.
Sonra çıxış edən Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin prezidenti Alan Desteks tədbirin keçirilməsi üçün yaradılan şəraitə və göstərilən köməyə görə dövlət orqanlarına təşəkkürünü bildirdi, Azərbaycanın gözəl və inkişaf edən bir ölkə olduğunu qeyd etdi. Azərbaycan xalqının çox qonaqpərvər xalq olduğunu bildirən A.Desteks Bakının simasında bütün ölkədə inkişaf tendensiyalarının müşahidə olunduğunu diqqətə çatdırdı. Sonra Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun Parlament Şəbəkəsinin konfransda seçilmiş 10 üzvünün adları açıqlandı. Bildirildi ki, Azərbaycan Milli Məclisinin deputatı Ceyhun Osmanlı da bu 10 üzvdən biri seçilmişdir.
Görüş çay süfrəsi ətrafında davam etdirildi.

 

Milli Məclisin
Mətbuat xidməti 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU