AVRONEST PARLAMENT ASSAMBLEYASININ ÜÇÜNCÜ PLENAR SESSİYASI KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
27 iyun 2013 | 03:06   
Paylaşın:        

Mayın 27-dən 29-dək Brüsseldə Avronest Parlament Assambleyasının III plenar sessiyası, Büro və daimi komitə iclasları keçiriləcək. İclaslarda Milli Məclisin Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, bu qurumun vitse-prezidenti Elxan Süleymanovun başçılığı ilə parlament nümayəndə heyəti iştirak edəcəkdir.
Nümayəndə heyətinə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlar Gülçöhrə Məmmədova, Azay Quliyev, Azər Kərimli, Fuad Muradov, Məlahət İbrahimqızı, Rasim Musabəyov, Fərəc Quliyev, Qənirə Paşayeva, Ceyhun Osmanlı və Qüdrət Həsənquliyev daxildirlər.
Sessiya çərçivəsində Avronest Parlament Assambleyasının Siyasi, İqtisadi, Enerji Təhlükəsizliyi və Sosial məsələlər daimi komitələrinin iclasları keçiriləcək, Şərq Tərəfdaşlığı ölkələrində həll edilməmiş münaqişələr, Regionda enerji təhlükəsizliyi, Sosial problemlərin həlli və iqtisadi mövzularda hazırlanmış məruzələr dinləniləcəkdir.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun iştirak edəcəyi Büro iclasında isə 2013-cü ilin noyabrında Şərq Tərəfdaşlığı üzrə Vilnüsdə keçiriləcək dövlət və hökumət başçılarının Sammitinə ünvanlanacaq sorğular müzakirə olunacaqdır.
Parlament nümayəndə heyətinin səfəri mayın 30-da başa çatacaqdır.

 

Milli Məclisin
Mətbuat xidməti  

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU