MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
25 may 2013 | 03:05   
Paylaşın:        

Mayın 25-də Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının deputatı Erix Fritsin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
Qonağı Azərbaycan parlamentində görməkdən məmnunluğunu bildirən Ziyafət Əsgərov diqqətə çatdırdı ki, Azərbaycan 20-ci əsrdə ikinci dəfə müstəqilliyini əldə etdikdən sonra Avropaya inteqrasiya yolunu seçmiş və bu kurs bu gün də həyata keçirilir. Azərbaycan Avropa İttifaqı və onun aparıcı üzvlərindən biri olan Almaniya ilə əlaqələrin inkişafına böyük önəm verir.
Bildirildi ki, ötən 20 ildə Azərbaycanda köklü demokratik dəyişikliklər baş vermişdir. Xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci ildə müstəqil Azərbaycanın demokratik Konstitusiyası ümumxalq səsverməsi yolu ilə qəbul edilmişdir. Konstitusiyanın əsas hissəsi birbaşa insan hüquq və azadlıqlarının təmin olunmasına yönəldilmişdir.
Ziyafət Əsgərov nəzərə çatdırdı ki, Azərbaycanda çoxpartiyalı parlament formalaşmış, mətbuatın tam sərbəst şəkildə fəaliyyəti üçün böyük imkanlar yaradılmışdır. Bütün bunlar onu göstərir ki, Azərbaycan xalqı Avropa dəyərlərini qəbul edir. Bu gün Azərbaycan hüquqi dövlət quruculuğu istiqamətində sürətlə irəliləyir və Avropa strukturları ilə əlaqələrinə diqqətlə yanaşır.    
Milli Məclis sədrinin birinci müavini bildirdi ki, Azərbaycanın 20 faiz ərazisi Ermənistan tərəfindən işğal olunmuşdur ki, bu da regionun həm iqtisadi, həm də demokratik cəhətdən inkişafına mane olur. ATƏT-in Minsk qrupu 20 ildir ki, münaqişənin həllinə vasitəçilik etsə də, heç bir nəticə əldə edə bilmir. Ermənistan BMT-nin, o cümlədən digər beynəlxalq təşkilatların münaqişə barədə qəbul etdikləri qətnamələrə məhəl qoymur. Bu da dünyada hələ də ikili standartlar siyasətinin və ədalətsizliyin mövcudluğuna dəlalət edir.
 Səmimi fikirlər üçün təşəkkürünü bildirən Almaniya Bundestaqının deputatı Erix Frits Azərbaycanda iqtisadi inkişafla yanaşı, demokratiyanın da inkişafının müşahidə edildiyini diqqətə çatdırdı. Qonaq Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması sahəsində mükəmməl qanunvericiliyin olduğunu qeyd etdi. Bildirdi ki, onlar da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün Almaniyada əllərindən gələni edəcəklər.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barəsində fikir mübadiləsi aparıldı.

 

Milli Məclisin
Mətbuat xidməti

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU