AŞPA PREZİDENTİ DEPUTATLARLA GÖRÜŞDÜ

XƏBƏRLƏR
27 may 2013 | 06:05   
Paylaşın:        

Mayın 27-də Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələrinin ölkəmizdə səfərdə olan AŞPA Prezidenti Jan-Klod Minyonla görüşü oldu.
Qonaqları salamlayan deputat, YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı bildirdi ki, Milli Məclisin  tərkibi Azərbaycanın siyası palitrasını özündə tam şəkildə əks etdirir. Parlamentdə 10-a yaxın siyasi partiya təmsil olunur.  O, qonağa parlamentin qanun yaradıcılığı prosesi, ölkədə insan hüquqlarının təminatı, digər ölkə və parlamentlərlə qarşılıqlı əməkdaşlığın perspektivləri barədə məlumat verdi. Azərbaycanın  Avropa Şurası qarşısında götürdüyü  öhdəlikləri layiqincə yerinə  yetirməsindən,  qurumla əlaqələrin daha  da inkişaf  etməsinə tərəfdar  olduğumuzdan söz  açdı.
Görüşdə çıxış edən Demokratik İslahatlar  Partiyasının  sədri Asim Mollazadə  bildirdi ki, qonağın ölkəmizə  səfəri olduqca əlamətdar bir  dövrə  təsadüf  edir. Sabah  xalqımız Azərbaycan Xalq  Cümhuriyyətinin  95 illik  yubileyini  təntənə ilə qeyd  edəcək.   Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı çıxışında Azərbaycan parlamentinin qəbul etdiyi qanunların beynəlxalq standartlara uyğunlaşdırıldığını vurğuladı. Bildirildi ki, Venesiya Komissiyası və Avropa Şurasının digər təsisatları ilə  qarşılıqlı əməkdaşlığımız yüksək səviyyədədir. Parlamentdə qanun layihələri hazırlanarkən bu qurumlardan gələn bütün təkliflərə həssaslıqla  yanaşılır. 
Vətəndaş Həmrəyliyi Partiyasının  sədri  Sabir  Rüstəmxanlı, Ədalət  Partiyasının sədri İlyas İsmayılov, Sosial rifah Partiyasının sədri  Xanhüseyn Kazımlı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Ümid  Partiyasının  sədri İqbal Ağazadə çıxışlarında  Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ problemindən  söhbət  açdılar. Qeyd  olundu ki, 20 ildən artıqdır ki, davam edən münaqişə bütün regionun təhlükəsizliyini ciddi  təhdid altında saxlayır.
Jan-Klod Minyon səmimi görüşə görə  minnətdarlığını ifadə etdi. O, Azərbaycanda müşahidə olunan dinamik inkişafı yüksək qiymətləndirdi. Qonaq ölkəmizdə çoxlu görüşlər  keçirdiyini, son dövrdəki siyasi-iqtisadi vəziyyətə dair səmərəli fikir mübadiləsi apardığını qeyd etdi. Dağlıq Qarabağ probleminin həllinin vacibliyindən danışan qonaq bildirdi ki, münaqişənin həllində beynəlxalq hüququn norma və prinsiplərinə istinad edilməlidir.
Söhbətdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, regionda və dünyada sülhün bərqərar olması üçün atılan addımlar, bu istiqamətdə səylərin gücləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.


Milli Məclisin
Mətbuat  xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU