Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsində görüş

XƏBƏRLƏR
29 may 2013 | 09:05   
Paylaşın:        

Mayın 27-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi üzvlərinin  Avropa Şurası Parlament Assambleyasının prezidenti Jan-Klod Minyonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü keçirildi.
Parlamentin komitə sədri, ölkəmizin AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qonaqları salamlayaraq belə görüşlərin münasibətlərimizin inkişafı üçün əhəmiyyətli olduğunu qeyd etdi.  O, Milli Məclisin beynəlxalq əlaqələri barədə qonağa ətraflı məlumat verdi. Bildirildi ki, Azərbaycanın qanunvericilik orqanında digər ölkələrlə parlamentlərarası əlaqələr üzrə işçi qrupları mövcuddur. Bu qruplar arasında Fransa parlamenti ilə dostluq qrupu əhəmiyyətli yer tutur. Qeyd edildi ki, qrupun rəhbəri ölkənin birinci xanımı Mehriban Əliyevanın  Azərbaycanla Fransa arasında əlaqələrin möhkəmlənməsindəki rolu böyükdür.
Sonra Səməd Seyidov rəhbərlik etdiyi komitənin işi barədə söhbət açdı. Bildirildi ki, komitədə həm iqtidar, həm müxalifət həm də bitərəf deputatlar təmsil olunur. Millət vəkillərimiz digər ölkələrin parlamentariləri ilə sıx əməkdaşlıq edir, eyni zamanda beynəlxalq təşkilatlarda aktiv fəaliyyət göstərirlər.
Komitə sədri ölkəmizin 2001-ci ildən AŞPA-nın tamhüquqlu üzvü olduğunu qeyd edərək, bu mötəbər beynəlxalq qurumla əlaqələrin konstruktiv dialoq əsasında yüksələn xətlə inkişaf etdiyini vurğuladı.
AŞPA prezidenti Jan-Klod Minyon qonaqpərvərliyə görə nümayəndə heyəti adından minnətdarlığını ifadə etdi. Fransa ilə Azərbaycan arasında yüksək səviyyədə əlaqələrin qurulmasından, həmçinin ölkəmizdə gedən sürətli inkişafdan, əldə edilən uğurlardan məmnunluğunu bildirdi. O, AŞPA ilə Azərbaycan arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayaraq, qarşılıqlı görüşlər zamanı aparılan faydalı fikir mübadiləsinin əlaqələrin genişlənməsi işində rolunu qeyd etdi.
Söhbət zamanı Azərbaycan ilə AŞPA arasında əməkdaşlığın inkişafı ilə bağlı məsələlər müzakirə olundu.
Görüşdə deputatlar Asim Mollazadə, Aydın Abbasov, Sahib Alıyev iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU