SİYASİ PARTİYALARIMIZ DAĞLIQ QARABAĞ MƏSƏLƏSİNDƏ YEKDİL MÖVQEDƏDİR

XƏBƏRLƏR
01 fevral 2012 | 03:02   
Paylaşın:        

Fevralın 1-də Milli Məclisdə təmsil olunan siyasi partiyaların rəhbərləri AŞPA Monitorinq Komitəsinin ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşdülər. Nümayəndə heyətinə Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt Font de Mora ilə Cozef Debono Qrex və Monitorinq Komitəsi katibliyi rəhbərinin müavini xanım Aqnieşka Naçilo daxil idi.
Görüşü parlamentdəki hakim partiyanın nümayəndəsi, YAP icra katibinin müavini Mübariz Qurbanlı açaraq ölkəmizin beynəlxalq təşkilatlarla əlaqələrə, o cümlədən AŞPA ilə əməkdaşlığa xüsusi önəm verdiyini dedi. Milli Məclisdə 11 siyasi partiyanın təmsil olunduğunu bildirdi və partiya rəhbərlərini qonaqlara təqdim etdi.
Sonra  Ümid Partiyasının sədri İqbal Ağazadə siyasətlə bağlı bir sıra məsələlər və qanunlar barədə fikirlərini bölüşdü. “Siyasi partiyalar haqqında” qanunun yenilənməsinə ehtiyac olduğunu vurğuladı, “Diffamasiya haqqında” qanun qəbul edilməsini vacib saydığını bildirdi.
Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı ölkəmizdə fakt-araşdırıcı missiya həyata keçirən monitorinq qrupunun obyektivliyə söykənəcəyinə ümid ifadə etdi. 
Sosial Rifah Partiyasının sədri Xanhüseyn Kazımlı dedi ki, monitorinqlərdən Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasını gözləyirik. Nə üçün Fransa Senatı 100 il öncə baş verdiyi iddia edilən qondarma “erməni soyqırımı”na münasibət bildirir, amma son onilliklərdə Azərbaycan torpaqlarını işğal etmiş Ermənistan haqqında qəti mövqe irəli sürülmür?
Ədalət Partiyasının sədri İlyas İsmayılov Avropa Şurasının üzvü olan Fransa, Slovakiya və İsveçdə insan haqlarını pozan qanunların qəbul edildiyini, hətta İsveçdə  bu yöndə məhkəmə təcrübəsinin də olduğunu vurğulayaraq Avropa Şurasının bu məsələlərə biganə qaldığını önə çəkdi. Xatırlatdı ki, fikir və düşüncəsinə görə insanların təqib olunduğu orta əsrlərdə Fransa, İngiltərə, İtaliya və Almaniyanın fədakar  ziyalıları buna qarşı çıxmışdılar və nəticədə Avropa qanunvericiliyində insan haqlarının qorunması ilə bağlı irəliyə doğru addım atılmışdı. İndi isə əks proses gedir.
Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa və Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev fikirlərini bölüşərkən parlament rəhbərliyində müxalifətin təmsil olunmasını zəruri saydıqlarını qonaqların nəzərinə çatdırdılar.
Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev qonaqların diqqətini doğma yurdlarından zorla köçürülmüş 1 milyon Azərbaycan qaçqın və köçkünlərinin mülkiyyət hüquqları məsələsinə yönəltdi, monitorinq qrupunun bu dəfəki məruzələrində obyektiv həqiqətləri, o cümlədən deyilən məsələni işıqlandırmasının arzu olunduğunu bildirdi.
Siyasi partiya rəhbəri olan deputatların hamısının çıxışında bir fikir xüsusi vurğulandı ki, Azərbaycandakı bütün siyasi partiyalar Dağlıq Qarabağ məsələsində yekdil mövqedədirlər, bu məsələdə iqtidarla müxalifət arasında fikir ayrılığı yoxdur.
Görüşdə  Monitorinq Komitəsinin həmməruzəçisi Pedro Aqramunt Font de Moranı maraqlandıran suallara aydınlıq gətirildi.

 

Milli Məclisin
Mətbuat xidməti
 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU