AZƏRBAYCAN-BRAZİLİYA ƏLAQƏLƏRİ GENİŞLƏNİR

XƏBƏRLƏR
31 may 2013 | 09:05   
Paylaşın:        

Mayın 30-da Milli Məclisdə Azərbaycan-Braziliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Braziliya parlamentinin Deputatlar Palatasının Xarici əlaqələr və milli müdafiə komitəsinin sədri Nelson Pelleqrinonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdülər.
Görüşdə işçi qrupunun üzvü, İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova ölkələrimiz arasındakı dostluq və əməkdaşlıqdan söhbət açdı. Qeyd etdi ki, Braziliya Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkələrdəndir, ötən müddətdə əlaqələrimiz daim yüksələn xətlə inkişaf edib.
Qonaqlara Azərbaycanın son 22 ildə keçdiyi yol, qarşılaşdığı çətinliklər, qazandığı nailiyyətlər, regiondakı mövqeyi barədə məlumat verildi. Zəngin mədəniyyətə malik çoxmillətli Braziliya ilə əlaqələrin genişlənməsində maraqlı olduğumuz bildirildi. Rəbiyyət Aslanova qeyd etdi ki, hazırda dünyada çoxlu münaqişə ocaqlarının olması baş verən hadisələr üçün ümumi məsuliyyətin zəif olmasının nəticəsidir. Bu baxımdan parlamentarların üzərinə də böyük məsuliyyət düşür. Ümidvarıq ki, Braziliya parlamentində yaradılacaq Azərbaycanla dostluq qrupu tezliklə fəaliyyətə başlayacaq və hər iki tərəfdən parlamentarlar ölkələrimiz arasında iqtisadi, sosial, elmi əlaqələrin inkişafına layiqli töhfə verəcəklər.
Milli Məclisdəki deputat həmkarlarını ölkəsinə qonaq dəvət edən nümayəndə heyətinin başçısı, Braziliya parlamentinin Deputatlar Palatasının Xarici əlaqələr və milli müdafiə komitəsinin sədri Nelson Pelleqrino vurğuladı ki, onun ölkəsi Azərbaycanla əməkdaşlıq əlaqələrinin möhkəmlənməsində, parlamentlərarası münasibətlərin genişlənməsində maraqlıdır.
Nelson Pelleqrino Bakıda keçirilən II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətini yüksək dəyərləndirdi və həmin tədbirdə iştirakdan məmnun olduqlarını bildirdi. Forumda çox vacib məsələlərə toxunulduğunu, Azərbaycan Prezidenti İlham Əliyevin Forumdakı nitqindən dərin təsirləndiklərini xüsusi qeyd etdi. Əmin etdi ki, vətənə qayıdan kimi Braziliya parlamentində Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini dəstəkləyən qətnamənin  qəbul olunmasına çalışacaqlar.
Sonra görüşdə Braziliyanın Deputatlar Palatasının müvəkkili, Xarici əlaqələr və milli müdafiə komitəsinin üzvü Klaudio Kajado çıxış edərək Azərbaycana səfərdən dərin təəssüratlar aldıqlarını vurğuladı. Bakının gözəlliyinə, qədim və müasir memarlıq abidələrinə heyran olduqlarını dedi. Xalqımızın qonaqpərvərliyini xüsusi qeyd etdi.
Bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılan görüşdə Azərbaycanın Braziliyadakı fövqəladə və səlahiyyətli səfiri Elnur Sultanov iştirak edirdi. 


 Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU