Ziyafət ƏSGƏROV: “Yaxşı liderdən çox şey asılıdır. Bu baxımdan Azərbaycanın bəxti gətirib.”

XƏBƏRLƏR
31 may 2013 | 05:05   
Paylaşın:        

Mayın 31-də Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Kristofer Pinçerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
Azərbaycan-Böyük Britaniya münasibətlərindən söz açan Ziyafət Əsgərov ölkəmizin müstəqilliyi dövründə qurulan diplomatik əlaqələrin inkişafından danışdı. Dövlət başçılarının rəsmi səfərlərinin siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlıq üçün lazımi zəmin yaratdığını vurğuladı. Bildirdi ki, ötən müddətdə ölkələrimiz arasında ticarət dövriyyəsi 1 milyard ABŞ dollarına yaxınlaşıb, İngiltərənin 150-yə qədər şirkəti, o cümlədən BP Azərbaycanda fəaliyyət göstərir və ölkəmizdəki karbohidrogen ehtiyatlarının Avropaya daşınmasında mühüm rol oynayır.
Birinci vitse-spiker qonaqlara müstəqillik dövründə Azərbaycanın keçdiyi inkişaf yolundan söz açdı. Dövlət quruculuğunda və iqtisadiyyatın inkişafında qazanılmış nailiyyətlərdən, ulu öndər Heydər Əliyevin uğurlu neft strategiyasından bəhs etdi. Demokratikləşmə istiqamətində atılan qətiyyətli addımlardan danışdı. Ölkəmizdə insan haqlarına və hüququn aliliyinə, həmçinin təhlükəsizlik məsələlərinə xüsusi önəm verildiyini bildirdi. Qeyd etdi ki, Azərbaycan islam ölkəsi olsa da, Avropa dəyərlərinə üstünlük verir və Avropaya inteqrasiya olunur. Ölkəmizdə milli və dini tolerantlıq hökm sürür. Vaxtaşırı təşkil olunan beynəlxalq səviyyəli mötəbər tədbirlər Azərbaycanın yüksək səviyyədə inkişafına dəlalət edir. O, qısa müddətdə qazandığımız uğurları Azərbaycanın yaxşı liderləri olması ilə əlaqələndirdi.
Ziyafət Əsgərov məlumat verdi ki, Milli Məclisdə çoxpartiyalı sistem mövcuddur, qanunvericilik prosesi fikir plüralizmi şəraitində gedir. Dünyanın ən qədim parlamentlərindən olan İngiltərə parlamenti ilə əməkdaşlığa mühüm əhəmiyyət verilir. Nüfuzlu beynəlxalq təşkilatlarda deputatlarımız yaxşı əməkdaşlıq edir.
Görüşdə səfərin məramını açıqlayan Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Kristofer Pinçer dedi ki, məqsəd iqtisadi, mədəni və siyasi bağları daha da möhkəmlətməkdir. Azərbaycanda çoxlu britaniyalı yaşayır və işləyir.
İngiltərənin İcmalar və Lordlar palatalarının üzvləri ölkəmiz barədə xoş fikirlər dedilər, öz parlamentləri ilə müqayisədə Milli Məclisin iclas salonunun üstünlüklərini xüsusi qeyd etdilər. Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə əlaqədar olaraq Böyük Britaniya parlamentarlarının belə təcavüzləri qətiyyətlə pislədiklərini nəzərə çatdırdılar. Azərbaycanın məcburi köçkünlərinin həyat şəraiti ilə tanışlıq üçün sabah Gəncəyə gedəcəklərini bildirdilər. Pinçer azərbaycanlı həmkarlarını əmin etdi ki, biz öz hakimiyyətimizi münaqişənin həllinə səy göstərməyə sövq edəcəyik. 
Görüş zamanı hazırkı səfərin təşkilində Avropa-Azərbaycan Cəmiyyətinin dəstəyi hər iki tərəfdən minnətdarlıqla qeyd olundu.
Milli Məclisin birinci vitse-spikeri qonaqları maraqlandıran məsələlərə aydınlıq gətirdi.


Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU