MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
01 iyun 2013 | 01:06   
Paylaşın:        

Mayın 30-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və komitənin üzvləri Braziliya parlamentinin Deputatlar Palatasının Xarici əlaqələr və milli müdafiə komitəsinin sədri Nelson Pelleqrinonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdülər.
Qonaqları salamlayan komitə sədri bildirdi ki, Braziliya son illər ərzində iqtisadi cəhətdən inkişaf edərək dünyanın aparıcı dövlətlərindən birinə çevrilmişdir. Azərbaycan Latın Amerikası dövlətləri, xüsusilə Braziliya ilə əlaqələrin yaxınlaşmasına böyük önəm verir. Azərbaycanın Cənubi Qafqazda lider dövlət olduğunu nəzərə çatdıran Səməd Seyidov qeyd etdi ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20 faizini itirmişdir. Bu işğal təkcə Azərbaycanın deyil, eyni zamanda bütün regionun sabit inkişafına maneə törədir.
Səmimi fikirlərə görə təşəkkürünü bildirən Nelson Pelleqrino Azərbaycanın iqtisadi inkişaf nəticəsində dünyada nüfuzunun artığını diqqətə çatdırdı. Qonaq dedi ki, Braziliya özünün xarici siyasətində beynəlxalq hüququ üstün tutur. Məhz beynəlxalq hüquqa əsasən Braziliya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və suverenliyinə hörmətlə yanaşır.
Qonaq ölkəsinin Birləşmiş Millətlər Təşkilatının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 4 qətnaməsini dəstəklədiyini xatırladaraq bu məsələyə Braziliya tərəfindən də hüquqi qiymət verilməsinin vacibliyini vurğuladı.
Qeyd edildi ki, artıq Azərbaycan tərəfindən parlamentlərarası dostluq qrupu yaradılmışdır və qısa bir zamanda Braziliya parlamentində də Azərbaycanla dostluq qrupu yaradılacaqdır. Bu qrupun yaradılmasından sonra Azərbaycan və Braziliya arasında bir çox məsələlərdə irəliləyişə nail olunacaqdır.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU