Qabor VONA: “Ermənistanın təcavüzünü pisləyən qətnamə hazırlayıb Macarıstan parlamentinə təqdim etmişik.”

XƏBƏRLƏR
07 iyun 2013 | 02:06   
Paylaşın:        

İyunun 1-də Milli Məclisdə İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova ölkəmizdə səfərdə olan Macarıstanın “Daha yaxşı Macarıstan uğrunda” partiyasının sədri Qabor Vona və Macarıstan parlamentinin Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Marton Döndöşi ilə görüşdü.
Rəbiyyət Aslanova qeyd etdi ki, ölkələrimiz arasındakı əlaqələrin dərin tarixi kökləri var. Azərbaycan müstəqilliyini əldə edəndən sonra qurulan yeni diplomatik əlaqələr, hər iki tərəfdən dövlət və hökumət rəsmilərinin, parlamentarların qarşılıqlı səfərləri siyasi, iqtisadi, elmi, mədəni əməkdaşlığın inkişafına güclü təkan verib. Qonaqlara bildirildi ki, müstəqil Azərbaycan sivil, demokratik, hüquqi dövlət quruculuğu yolunda əzmlə irəliləyir. Ölkəmizdə söz, fikir və insan azadlığının, insan hüquqlarının qorunmasına xüsusi önəm verilir.
Komitə sədri Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə bağlı məsələlərdə macar deputatların Azərbaycanın haqq mövqeyini dəstəklədiklərini, beynəlxalq qurumlarda səsimizə səs verdiklərini minnətdarlıqla vurğuladı.
Görüşdə Macarıstanın “Daha yaxşı Macarıstan uğrunda” partiyasının sədri Qabor Vona başçılıq etdiyi qurum barədə ətraflı məlumat verdi. Əsasən 35 yaşınadək gənclərin toplaşdığı bu siyasi partiyanın 2010-cu ildə ilk dəfə seçkilərdə iştirak etdiyini və əhalinin 17 faizinin səsini qazandığını dedi. Qeyd etdi ki, bizim ifadə etdiyimiz fikirlər Macarıstanın gələcəyini müəyyənləşdirməyə yönəlib.
Qabor Vona vurğuladı ki, Azərbaycan bizim üçün olduqca böyük əhəmiyyətə malik ölkədir. Xalqlarımız arasında daha sıx əlaqələrin yaradılması üçün geniş imkanlarımız var. Biz Macarıstan əhalisini Azərbaycanın qarşılaşdığı problemlərlə yaxından tanış etməyə çalışırıq. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistanın təcavüzünü pisləyən qətnamə hazırlayıb Macarıstan parlamentinə təqdim etmişik. 
 Sonra görüşdə Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Marton Döndöşi fikirlərini bölüşdü. İlk növbədə onu qeyd etdi ki, macar deputatlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Parlament diplomatiyasının əhəmiyyətini yüksək qiymətləndirən dostluq qrupunun sədri bəyan etdi ki, beynəlxalq qurumlarda, o cümlədən AŞPA-da Azərbaycana dair məsələlərin müzakirəsində həmişə Azərbaycanın mövqeyindən çıxış edirik.
M.Döndöşi Bakıda keçirilən II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundan da söz açdı, tədbirin bütün iştirakçılar üçün çox faydalı olduğunu qeyd etdi.
Söhbətdə qarşılıqlı səfərlərin intensivləşdirilməsi vacibliyinə  toxunuldu. Bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU