Azərbaycan-Braziliya əlaqələrinin inkişafı üçün böyük potensial vardır

XƏBƏRLƏR
01 iyun 2013 | 02:06   
Paylaşın:        

Mayın 31-də Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Braziliya Parlamentinin Deputatlar Palatasının Xarici əlaqələr və milli müdafiə komitəsinin sədri Nelson Pelleqrinonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
Qonaqları salamlayan Ziyafət Əsgərov Azərbaycanın Cənubi Amerika dövlətləri, xüsusilə Braziliya kimi siyasi çəkiyə malik olan bir dövlətlə münasibətlərə böyük önəm verdiyini bildirdi. Qeyd olundu ki, ikitərəfli əməkdaşlıq üçün kifayət qədər böyük potensial vardır və bu potensialdan istifadə etmək lazımdır.
Ölkəmizin iqtisadi inkişafı, beynəlxalq arenadakı fəaliyyəti haqqında qonaqlara məlumat verən Milli Məclis sədrinin birinci müavini Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə və Xocalı soyqırımına da toxundu, Azərbaycanın təcavüzə məruz qaldığını və ərazisinin 20 faizinin işğal altında olduğunu nəzərə çatdırdı.
Bildirildi ki, BMT, Avropa İttifaqı, Avropa Şurası Parlament Assambleyası kimi nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi haqqında qətnamələr qəbul etsələr də, Ermənistan bunlara məhəl qoymur. Bəzi dövlətlər isə problemə ikili standartlarla yanaşırlar ki, bu da ermənilərə işğalı davam etdirmək üçün imkan yaradır.
  Nelson Pelleqrino səmimi görüşə görə minnətdarlıq edərək qeyd etdi ki, səfərin yekunları haqqında Braziliya parlamentinə hesabat verəcək və həmin hesabatda Azərbaycanın ərazilərinin işğal altında olmasını bildirəcəkdir.
Ölkəmizə səfəri çərçivəsində Bakını və bəzi rayonları gəzdiyini deyən qonaq Azərbaycanın sürətlə inkişaf etdiyini diqqətə çatdırdı. Bildirildi ki, Braziliya xarici siyasətində parlament diplomatiyasına daha çox üstünlük verir. Bu baxımdan Azərbaycan ilə yaradılacaq əməkdaşlıq əlaqələri faydalı və səmimi olacaqdır.
Söhbət zamanı Nelson Pelleqrino Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərova göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirdi.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU