Milli Məclisdə Azərbaycan-Macarıstan əlaqələrinin inkişaf perspektivləri müzakirə olundu

XƏBƏRLƏR
01 iyun 2013 | 01:06   
Paylaşın:        

İyunun 1-də Milli Məclis sədrinin müavini Bahar Muradova Macarıstanın “Daha yaxşı Macarıstan uğrunda” Partiyasının sədri Qabor Vona ilə görüşdü.
 Azərbaycana dost olan Macarıstan parlamentinin nümayəndəsini ölkəmizdə görməkdən məmnunluğunu bildirən Bahar Muradova diqqətə çatdırdı ki, iki ölkə arasındakı əlaqələr bir sıra sahələri əhatə edir və bu əlaqələrin daha da genişlənməsi üçün böyük potensial vardır. Azərbaycanın iqtisadi inkişafı və Dağlıq Qarabağ münaqişəsi haqqında qonaqlara məlumat verən Milli Məclisin sədr müavini nəzərə çatdırdı ki, Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycanın 20 faiz torpağı işğal olunmuş, 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətində yaşamaq məcburiyyətində qalmışdır. Beynəlxalq hüquq normalarına məhəl qoymayan Ermənistan BMT-nin, Avropa İttifaqının və Avropa Şurası Parlament Assambleyasının Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi haqqında qətnamə qəbul etmələrinə baxmayaraq, işğal etdiyi əraziləri azad etməkdən imtina edir.
 Söhbət zamanı Bahar Muradova Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini daim diqqətdə saxladığına  və Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə hörmətlə yanaşdığına görə Macarıstan rəhbərliyinə təşəkkürünü bildirdi.
 Qabor Vona səmimi görüşə görə minnətdarlıq edərək qeyd etdi ki, Azərbaycan ilə Macarıstanın oxşar cəhəti ondan ibarətdir ki, hər iki dövlət qərb ilə şərqin kəsişdiyi coğrafi məkanda yerləşirlər. Bu fakt dövlətlərimizin yaxın əməkdaşlığını zəruri etmişdir.
 Qeyd olundu ki, Macarıstan da müstəqilliyini elan etdikdən sonra Avropaya inteqrasiya olunmaq istiqamətində siyasət həyata keçirməyə başlamışdır. Lakin bununla yanaşı, Şərq dövlətləri, xüsusilə Azərbaycan kimi böyük iqtisadi potensiala malik olan ölkə ilə də əməkdaşlıq etmək vacibdir.
 Qonaq hər iki ölkənin parlament nümayəndələrinin beynəlxalq təşkilatlar çərçivəsində yüksək səviyyədə əməkdaşlıq etdiyini nəzərə çatdırdı, bundan sonra da Azərbaycanın ədalətli mövqeyini müdafiə edəcəklərini bildirdi.
 Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.   

                      

       Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU