MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
10 iyun 2013 | 06:06   
Paylaşın:        

İyunun 10-da Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Bosniya və Herseqovina Baş nazirinin müavini, xarici işlər naziri Zlatko Laqumçiyanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.
Sədrin birinci müavini qonaqları salamlayaraq bu səfərin  əməkdaşlığımızın daha da inkişafına töhfə verəcəyinə inamını ifadə etdi. Bildirildi ki, iki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Əlaqələrimizin daha da genişləndirilməsi üçün potensial imkanlar mövcuddur. Ziyafət Əsgərov yüksək səviyyəli nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini vurğuladı. O, ölkələrimiz arasında əlaqələrin qədim tarixə malik olduğunu bildirərək, qeyd etdi ki, hələ Sovetlər dönəmindən Bakı və Sarayevo qardaşlaşmış şəhərlər hesab edilir. Azərbaycan Bosniya və Herseqovina ilə əlaqələrin inkişafında maraqlıdır.
Sonra Ziyafət Əsgərov parlamentlər arasında əməkdaşlıqdan danışaraq Milli Məclisdə Bosniya və Herseqovina ilə əlaqələr üzrə işçi qrupunun fəaliyyət göstərdiyini bildirdi. O, deputatların qarşılıqlı  səfərlərinin, beynəlxalq təşkilatlarda birgə əməkdaşlığının təcrübə mübadiləsi baxımından vacibliyini diqqətə çatdırdı.
Söhbətdə Ziyafət Əsgərov  dinamik inkişaf edən Azərbaycanın ölkə hüdudlarından kənarda həyata keçirdiyi humanitar aksiyalardan söhbət açdı. Bildirildi ki, bu günlərdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə Sarayevoda gözdən əlil uşaqlar üçün Mərkəzin açılışı olub.  O, eyni zamanda Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda salınmış Xocalı soyqırımı və Srebrenitsa qurbanlarının xatirəsinə həsr edilmiş abidə kompleksini də məmnunluqla xatırladı.
Görüşdə Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov  Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsindən  danışaraq qeyd etdi ki, problemin həlli ilə bağlı nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrə Ermənistan hələ də məhəl qoymur. Biz problemin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə tərəfdarıq.
Bosniya və Herseqovinanın Baş nazirinin müavini, ölkənin xarici işlər naziri Zlatko Laqumçiya səmimi görüşə görə təşəkkürünü bildirərək ölkələrimizin oxşar tarixə malik olduğunu söylədi. O, əlaqələrimizin böyük gələcəyinə əminliyini ifadə etdi. Qonaq parlamentlər arasında münasibətlərin inkişafı barədə fikirlərini açıqladı.  Qeyd edildi ki, Bosniya və Herseqovina parlamentinin Nümayəndələr Palatasında Azərbaycanın  ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul edilmişdir.
Görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafı, qanunvericilik sahəsində təcrübə mübadiləsi və  tərəfləri maraqlandıran digər aktual məsələlər barədə fikir mübadiləsi  aparıldı.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU