Azərbaycan və Gürcüstan ikitərəfli münasibətlərin inkişafına böyük önəm verirlər

XƏBƏRLƏR
11 iyun 2013 | 05:06   
Paylaşın:        

Azərbaycanda səfərdə olan Gürcüstanın işğal olunmuş ərazilərindən daxili köçkünlər və qaçqınlar üzrə naziri David Daraxvelidze iyunun 11-də Milli Məclis sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov ilə görüşdü.
Ziyafət Əsgərov bildirdi ki, həm Azərbaycan, həm də Gürcüstan ikitərəfli münasibətlərin inkişafına böyük önəm verirlər. Hər iki ölkə müstəqillik əldə etdikdən sonra münasibətlər yüksələn xətlə inkişaf etmişdir. Xalqlarımız qədim tarixi kökləri olan əlaqələrə malikdirlər və bu gün ölkələrimiz müstəqil dövlətlər kimi müstəqil siyasət yürüdürlər.
Ziyafət Əsgərov qonaqlara Azərbaycanın sosial-iqtisadi sahədə qazandığı uğurlar barədə məlumat verdi, ölkədəki qaçqın və məcburi köçkünlərin vəziyyətindən danışdı. Bildirildi ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan torpaqlarının 20 faizindən çoxu təcavüzkar Ermənistan tərəfindən işğal olunmuş, bir milyondan çox insan doğma yurd-yuvalarından didərgin düşmüşdür. Münaqişə ilə əlaqədar olaraq BMT-nin Təhlükəsizlik Şurası, Avropa Şurası, Avropa İttifaqı, İslam Konfransı Təşkilatı Azərbaycanın torpaqlarının azad olunmasını tələb edən və ölkəmizi dəstəkləyən qətnamələr qəbul etsələr də, Ermənistan beynəlxalq hüququn prinsiplərinə məhəl qoymayaraq bu sənədlərdən irəli gələn tələbləri icra etmir. Bu gün Azərbaycanda məcburi köçkünlər üçün 78 şəhər tipli qəsəbə salınmışdır. Lakin bu, müvəqqətidir. Bu insanlar öz doğma yurd-yuvalarına qayıtmaq istəyirlər. Qeyd olundu ki, hazırda münaqişə nəticəsində Azərbaycana dəymiş maddi ziyanın məbləği hesablanır və ilkin hesablamalara görə, bu rəqəm 300 milyard ABŞ dollarından çoxdur.
David Daraxvelidze Azərbaycanda keçirdiyi görüşlərdən məmnunluğunu ifadə etdi, ölkəmizdə məcburi köçkünlərin və qaçqınların yaşadıqları məntəqələrdə insanlarla söhbətlərindən aldığı təəssüratları bölüşdü. Bildirildi ki, Gürcüstanda da məcburi köçkünlər problemi mövcuddur və dövlət bu məsələnin həllinə çalışır.
Qonaq həm Gürcüstanda, həm də Azərbaycanda regional münaqişələrin ölkələrin ərazi bütövlüyü çərçivəsində həll olunmasının vacibliyini vurğuladı.
Söhbət zamanı regionda Azərbaycanın və Gürcüstanın birgə iştirakı ilə həyata keçirilən layihələrdən söz açıldı. Qeyd olundu ki, bölgədə sülh və sabitlik, Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü təmin olunmalıdır.
Görüşdə tərəfləri maraqlandıran digər mövzularda da fikir mübadiləsi aparıldı.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU