PARLAMENT XƏBƏRLƏRİ

XƏBƏRLƏR
11 iyun 2013 | 06:06   
Paylaşın:        

İyunun 11-də Avropa Şurası Parlament Assambleyasının Avropa Şurası Üzv Dövlətləri Tərəfindən Öhdəliklərin Yerinə Yetirilməsi Üzrə Komitəsinin (Monitorinq Komitəsinin) həmməruzəçiləri Pedro Aqramunt Font de Mora və Cozef Debono Qrex Milli Məclisdə təmsil olunan siyasi partiyaların rəhbərləri ilə görüşdülər.
Görüşdə siyasi partiyaların rəhbərləri öz fəaliyyətləri haqqında məlumat verdilər. Söhbət zamanı Azərbaycan-Avropa Şurası münasibətləri, monitorinq prosesinin gedişi, Azərbaycanda qarşıdan gələn seçkilər, Dağlıq Qarabağ münaqişəsi və digər mövzularda fikir mübadiləsi aparıldı.
Məruzəçi Pedro Aqramunt Font de Mora bildirdi ki, AŞPA Azərbaycanda baş verən demokratik prosesləri diqqətlə izləyir və gələcəkdə də rəsmi Bakı ilə əməkdaşlığını davam etdirəcəkdir.

 *     *     *

Həmin gün AŞPA Monitorinq Komitəsinin həmməruzəçiləri Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli ilə görüşdülər.
Azərbaycana faktaraşdırıcı səfərə gələn həmməruzəçilərin Bakıda olduqları müddətdə çox səmərəli işlədiklərini vurğulayan Əli Hüseynli son dövrlər intensivləşən görüşlərdən məmnunluğunu ifadə etdi. Yaz sessiyası dövründə Hüquq siyasəti və dövlət quruculuğu komitəsində hazırlanmış, bu komitə tərəfindən Milli Məclisə təqdim olunmuş və cəmiyyətdə ciddi müzakirələrə yol açmış qanun layihələri barədə danışdı.
Görüşdə cənab Pedro Aqramunt Font de Mora bildirdi ki, onları əsasən demokratiyanın inkişafı, söz və mətbuat azadlığı ilə bağlı qanunvericilik aktları maraqlandırır.
Geniş fikir mübadiləsində deputatlar Əli Hüseynli, Azay Quliyev və Rafael Cəbrayılov AŞPA Monitorinq Komitəsinin həmməruzəçilərini maraqlandıran məsələlərə aydınlıq gətirdilər.

 *     *     *

Sonra Monitorinq Komitəsinin həmməruzəçiləri Pedro Aqramunt Font de Mora və Cozef Debono Qrex AŞPA-dakı daimi nümayəndə heyətimizin üzvləri ilə görüşdülər.
Təşkilatda nümayəndə heyətimizin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov belə səfərlərin münasibətlərimizin inkişafı üçün əhəmiyyətli olduğunu vurğuladı. O, bildirdi ki, Azərbaycan AŞPA ilə əlaqələrə böyük önəm verir və konstruktiv əməkdaşlığı daha da genişləndirmək niyyətindədir. Qeyd edildi ki, Azərbaycan nümayəndə heyəti AŞPA çərçivəsində keçirilən müxtəlif tədbirlərdə fəal iştirak edir, geniş ictimaiyyəti narahat edən məsələləri diqqətdə saxlayır və obyektiv münasibətini bildirir. Sonra Səməd Seyidov Azərbaycanın  Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində görülən işlərdən söhbət açdı.
AŞPA təmsilçiləri səmimi görüşə və qonaqpərvərliyə görə təşəkkürlərini ifadə etdilər. Belə görüşlərin qarşılıqlı əməkdaşlığın perspektivləri ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı imkan olduğunu bildirdilər. 
Söhbət zamanı Azərbaycanla AŞPA arasında münasibətlərə dair qarşılıqlı maraq doğuran məsələlərə aydınlıq gətirildi.
Görüşdə Milli Məclisin deputatları Əli Hüseynli, Sahibə  Qafarova, Sevinc Fətəliyeva, Asim Mollazadə, Rafael Hüseynov, Aydın Abbasov, Fəzail İbrahimli, Rövşən Rzayev iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU