MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
14 iyun 2013 | 03:06   
Paylaşın:        

İyunun 14-də Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov ölkəmizdə səfərdə olan Meksika Senatının Enerji komitəsinin sədri senator David Pençina Qrubun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
Qonağı səmimi salamlayan sədr müavini Valeh Ələsgərov Milli Məclisin fəaliyyəti, qanunvericilik işləri, ölkəmizin müstəqillik tarixi, neft strategiyası, iqtisadi inkişaf yolu, təbii ehtiyatları, eləcə də enerji resurslarının hasilatı, işlənməsi və pay bölgüsü sahəsində qanun yaradıcılığı barədə ətraflı məlumat verdi. Bildirdi ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra sürətlə inkişaf edir. Bu gün ölkəmiz iqtisadi inkişafına görə regionda lider dövlətdir və dünya miqyasında öz layiqli yerini tutmuşdur. Azərbaycan bölgədə həyata keçirilən irimiqyaslı layihələrin həm birbaşa iştirakçısı, həm də təşəbbüskarıdır. Xəzər dənizinin karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılmasında, eləcə də Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında ölkəmiz mühüm rol oynayır.
Göstərilən qonaqpərvərliyə və ətraflı məlumata görə minnətdarlığını bildirən David Pençina Qrub Azərbaycana səfərlərindən məmnunluğunu ifadə etdi. O, diqqətə çatdırdı ki, Meksikada Azərbaycana önəmli nümunəvi ölkə kimi böyük maraq vardır. Bir sıra oxşar cəhətləri olan hər iki ölkədə bir çox sahələrdə əlaqələri inkişaf etdirmək üçün geniş imkanlar mövcuddur. Meksika enerji islahatları həyata keçirmək istəyir və bu sahədə Azərbaycanın təcrübəsinə ehtiyac var.
Söhbət zamanı Azərbaycan-Meksika parlamentlərarası münasibətlərinin genişləndirilməsi, qanunvericilik sahəsində təcrübə mübadiləsi, qarşılıqlı səfərlərin sayının artırılması barədə müzakirələr aparıldı.
Görüşdə ölkəmizin Meksikadakı fövqəladə və səlahiyyətli səfiri İlqar Muxtarov iştirak edirdi.

 

Milli Məclisin
mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU