MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
19 iyun 2013 | 06:06   
Paylaşın:        

İyunun 19-da Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərovun Bakıda keçirilən Ombudsmanların XI Beynəlxalq konfransının iştirakçıları ilə görüşü oldu.
Birinci vitse-spiker qonaqları parlamentdə salamlayaraq konfransın insan haqlarının qorunması sahəsində əhəmiyyətini yüksək qiymətləndirdi. Ziyafət Əsgərov 18 iyunun Azərbaycanda İnsan hüquqları günü kimi qeyd olunduğunu vurğuladı. O, insanların siyasi, sosial, mədəni haqlarının təmin edilməsi istiqamətində konfransın təbliğat  baxımından əhəmiyyətli rol oynadığı söylədi. Bildirildi ki, insan haqlarının qorunması ölkədə qəbul olunmuş “Azərbaycan 2020: Gələcəyə baxış” konsepsiyasının mühüm tərkib hissəsidir.
Ziyafət Əsgərov ölkəmizdə iqtisadi, siyasi, humanitar, mədəni sahələrdə gedən inkişafdan, əldə edilmiş nailiyyətlərdən danışdı. Bildirildi ki, Azərbaycanın öz dövlət müstəqilliyini əldə etdikdən sonra 1995-ci ildə qəbul etdiyi Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilmişdir. Qeyd edildi ki, parlamentdə bu sahəyə aid kifayət qədər qanunvericilik aktları qəbul olunub. Ölkəmiz insan haqlarının qorunmasına həsr olunmuş beynəlxalq konvensiyalara qoşulub.
Qazanılmış uğurlarla yanaşı, mövcud problemlərdən də danışan Ziyafət Əsgərov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ölkəmizdə 1 milyondan çox qaçqın və məcburi köçkünün olduğunu bildirdi. Onların hüquqlarının qorunmasının vacibliyinə diqqət çəkən vitse-spiker bu işdə beynəlxalq dəstəyin əhəmiyyətini xüsusi qeyd etdi.
Görüşdə çıxış edən ölkəmizin İnsan hüquqları üzrə müvəkkili Elmira Süleymanova bildirdi ki, Azərbaycanda insan hüquqları ilə bağlı bir sıra sənədlər qəbul olunub. Bu sənədlərdə cəmiyyətin bütün təbəqələrinin maraqlarını əhatə edən məsələlər öz əksini tapıb. Elmira Süleymanova Ombudsman institutu ilə parlament arasında sıx əməkdaşlıq olduğunu söylədi. İnsan hüquq və azadlıqlarının daha etibarlı təmin olunması istiqamətində qəbul olunan qanunların vacibliyini vurğuladı.
Konfrans iştirakçıları səmimi görüşə görə minnətdarlıqlarını ifadə etdilər. Qonaqlar ölkəmizdə gedən inkişafdan xoş təəssüratlarını bildirdilər. Azərbaycanda dövlət tərəfindən insanlara olan qayğı və dəstəyin digər ölkələr üçün nümunə olduğunu söylədilər.
Görüşdə Ziyafət Əsgərov qonaqları maraqlandıran sualları ətraflı cavablandırdı.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU