PARLAMENTDƏ GÖRÜŞ

XƏBƏRLƏR
27 iyun 2013 | 04:06   
Paylaşın:        

İyunun 27-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Vyetnam Milli Məclisinin sədr müavini Uonq Çu Lunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdülər.
Komitənin üzvü Azər Kərimli qonaqları Azərbaycan parlamentində görməkdən məmnun olduğunu bildirərək qeyd etdi ki, iki ölkə arasındakı əlaqələrin əsası hələ 1970-ci illərdə qoyulmuşdur. Həmin dövrdə yüzlərlə vyetnamlı gənc Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində təhsil alırdılar.
Bu gün rəsmi Bakı Şərq ölkələri, o cümlədən Vyetnamla əlaqələrin inkişafına xüsusi önəm verir. Enerji, kənd təsərrüfatı və turizm sahələrində daha sıx əməkdaşlıq üçün geniş potensial vardır. Bu potensialdan istifadə edərək münasibətlərin səviyyəsini yüksəltmək hər iki ölkənin milli maraqlarına uyğundur.
Dağlıq Qarabağ münaqişəsi haqqında qonaqlara məlumat verən Azər Kərimli dedi ki, Ermənistanın işğalçılıq siyasəti bütün büynəlxalq təşkilatlar tərəfindən pislənmiş və müvafiq qərarlar qəbul edilmişdir. Birləşmiş Millətlər Təşkilatının, Avropa İttifaqının, Avropa Şurası Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının erməni silahlı birləşmələri tərəfindən Azərbaycanın zəbt edilmiş ərazilərinin azad edilməsi haqqında qətnamələrinə baxmayaraq rəsmi Yerevan bu qərarları yerinə yetirməyərək beynəlxalq hüquqa etinasızlıq edir.
  Uonq Çu Lu səmimi görüşə və qonaqpərvərliyə görə təşəkkürünü bildirərək, Bakı Dövlət Universitetində təhsil aldığı illəri xatırladı, Azərbaycan paytaxtının xeyli dəyişərək gözəlləşdiyini bildirdi.
Qeyd olundu ki, ölkələrimiz arasındakı ticarət dövriyyəsinin həcmi tərəfləri qane etmir və ticarət dövriyyəsinin artırılması üçün iqtisadi əlaqələri daha da genişləndirmək lazımdır.
Söhbət zamanı qonaq Vyetnam Milli Məclisinin strukturu, qanunların hazırlanması və qəbulu prosesləri haqqında ətraflı məlumat verdi.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparıldı.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU