MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
10 iyul 2013 | 02:07   
Paylaşın:        

İyulun 10-da Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan İran İslam Respublikasının gənclər və idman naziri Mohammad Abbasinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
Ziyafət Əsgərov qonaqları salamlayaraq, İranda müvəffəqiyyətlə  keçirilmiş prezident seçkiləri münasibəti ilə onları təbrik etdi. Dövlət başçılarının qarşılıqlı səfərlərinin və görüşlərinin münasibətlərimizin möhkəmlənməsində böyük önəm kəsb etdiyini vurğuladı.
Sədr müavini Azərbaycanda İranla əməkdaşlığa xüsusi əhəmiyyət  verildiyini diqqətə çatdırdı. O, ölkələrimiz arasında münasibətlərin qədim tarixi köklərə malik olduğunu, bu gün siyasi, iqtisadi, mədəni əlaqələrin yüksələn xətlə inkişaf etdiyini bildirdi. Gələcəkdə əlaqələrin daha da genişləndirilməsi üçün geniş imkanlar olduğunu dedi.
Görüşdə birinci vitse-spiker münasibətlərimizin inkişafında parlamentlərin rolundan danışdı. O, parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin əhəmiyyətini qeyd etdi. Hər iki ölkənin qanunverici orqanında dostluq qruplarının fəaliyyət göstərməsini təqdirəlayiq hesab etdi.
İranın gənclər və idman naziri Mohammad Abbasi səmimi görüşə, Milli Məclislə yaxından tanış olmaq üçün yaradılan şəraitə görə minnətdarlığını ifadə etdi. Qonaq qanunverici orqanlar arasında əlaqələrin möhkəmləndirilməsinin vacibliyindən danışdı. O, ölkələrimiz arasında tarixən mövcud olan müştərək cəhətlər, iqtisadi, mədəni, sahələrdə əlaqələrin inkişafı barədə fikirlərini açıqladı. İranlı nazir qarşılıqlı səfərlərin, ölkəmizdə olduğu müddətdə keçirdiyi görüşlərin əhəmiyyətini qeyd etdi. Qonaq İranın son illərdə həyatın müxtəlif sahələrində əldə etdiyi nailiyyətlər barədə danışdı. O, ölkələrimiz arasında gənclər və idman sahələrində əməkdaşlığın vəziyyəti, idmançılarımızın beynəlxalq yarışlarda iştirakı barədə fikirlərini açıqladı. Mohammad Abbasi İranın  Azərbaycanla münasibətlərinin dostluq və qardaşlıq əsasında qurulduğunu bildirdi.
Söhbətdə Dağlıq Qarabağ münaqişəsi, onun törətdiyi fəsadlar, problemin həlli istiqamətində atılan addımlar, regionda sülhün və əmin-amanlığın qorunması üçün bölgə ölkələrinin birgə səylər göstərməsinin vacibliyi barədə fikir mübadiləsi aparıldı.
Görüşdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, İranın ölkəmizdəki səfiri Möhsen Pakaen və digər rəsmi şəxslər iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU