AZƏRBAYCAN-KOREYA ƏLAQƏLƏRİ YÜKSƏLƏN XƏTLƏ İNKİŞAF EDİR

XƏBƏRLƏR
12 iyul 2013 | 03:07   
Paylaşın:        

İyulun 12-də Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Koreya Respublikası Milli Assambleyasının Milli müdafiə komitəsinin üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşdü.
Ziyafət Əsgərov bildirdi ki, Milli Məclis Azərbaycan-Koreya münasibətlərinə böyük önəm verir. Parlamentlərarası əlaqələr üzrə dostluq qrupumuz səmərəli fəaliyyət göstərir. 2007-ci ildə Azərbaycan parlamentinin Spikeri Oqtay Əsədovun Koreyaya rəsmi səfərindən sonra  əlaqələrimiz daha intensiv xarakter daşıyır. 
Görüşdə birinci vitse-spiker onu da vurğuladı ki, Azərbaycan Prezidentinin və Koreya Respublikası dövlət başçısının qarşılıqlı rəsmi səfərləri zamanı imzalanmış sənədlər ölkələrimiz arasında hərtərəfli əməkdaşlıq üçün lazımi zəmin yaradıb. Azərbaycan-Koreya əlaqələri ildən-ilə yüksələn xətlə inkişaf edir. Ötən müddətdə ölkələrimiz arasında ticarət dövriyyəsi 800 milyon ABŞ dolları təşkil edib. Koreyanın “Samsunq”, “LC”, “Hyundai” kimi iri şirkətləri ölkəmizdə çox uğurla fəaliyyət göstərir.
Sonra Koreya Milli Assambleyası nümayəndə heyətinin başçısı, Milli müdafiə komitəsinin birinci dərəcəli üzvü Ahn Gyu Bak Azərbaycanda keçirdikləri görüşlər barədə məlumat verdi. Koreyanın müdafiə sahəsində böyük təcrübəsi olduğunu qeyd edərək ölkələrimiz arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın hər iki tərəf üçün sərfəli ola biləcəyini dedi. Azərbaycanla daha sıx əməkdaşlıqda maraqlı olduqlarını bildirdi.
Qonaqlara ölkəmizin Cənubi Qafqaz regionundakı mövqeyindən söz açan Milli Məclis Sədrinin birinci müavini qeyd etdi ki, Azərbaycan bölgənin ən inkişaf etmiş ölkəsidir. Koreya ilə əməkdaşlığı genişləndirmək üçün yaxşı perspektivlər var. Sonra Ziyafət Əsgərov Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verdi və Koreyanı da Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə, təcavüzkar Ermənistana təzyiq göstərməyə çağırdı.
Koreya nümayəndə heyətinin üzvləri ölkəmizin üzləşdiyi çətinlikləri müvəffəqiyyətlə aradan qaldıracağına əminliklərini vurğuladılar. Azərbaycanın qısa müddətdə nail olduğu inkişafı yüksək qiymətləndirdilər. Bildirdilər ki, bundan sonra da qarşılıqlı faydalı əməkdaşlığın genişlənməsinə öz töhfələrini verəcəklər. 
Görüşdə Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Çoi Suk-in, digər rəsmi şəxslər iştirak edirdilər. 


 
Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU