MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
19 avqust 2013 | 04:08   
Paylaşın:        

Avqustun 15-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri Amerika Birləşmiş Ştatları Konqres üzvlərinin köməkçiləri ilə görüşdülər.
Qonaqları salamlayan komitənin sədri Səməd Seyidov onlara ölkəmizlə bağlı ətraflı məlumat verdi.  O, zəngin tarixi mədəniyyətə, təbii sərvətlərə sahib olan Azərbaycanın son illərdə qazandığı uğurlardan, əldə etdiyi nailiyyətlərdən, reallaşdırdığı mühüm layihələrdən və ölkəmizdə həyata keçirilən beynəlxalq tədbirlərdən geniş söz açdı. Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsindən ətraflı bəhs edən komitə sədri dedi ki, 20 ildən çoxdur Ermənistan Azərbaycanın Dağlıq Qarabağ ərazilərini və daha yeddi rayonunu işğal altında saxlayır. Səməd Seyidov bölgə barədə dəqiq təsəvvür yaranması üçün Amerikalı qonaqlara işğal altında olan rayonları xəritədə göstərdi və bu ərazilərin Ermənistana heç bir aidiyyatı olmadığını bildirdi.  Qeyd olundu ki, coğrafi baxımdan Azərbaycanla ABŞ bir-birindən uzaq məsafədə yerləşməsinə baxmayaraq, siyasi baxımdan münasibətlər getdikcə daha da yaxınlaşır. Parlamentdə geniş tərkibli dostluq qrupu fəaliyyət göstərir. Azərbaycanda insan hüquqlarına yüksək dəyər verilir, gender bərabərliyi təmin olunub.
Konqres üzvlərinin köməkçiləri Azərbaycana səfərləri çərçivəsində ölkəmizin müxtəlif tarixi yerləri ilə yaxından tanış olduqlarını və müxtəlif maraqlı görüşlər keçirdiklərini dedilər. Görüşdə iştirak edən digər millət vəkilləri Sevinc Fətəliyeva, Asim Mollazadə və Sahibə Qafarova qonaqların müxtəlif məsələlərlə bağlı suallarını da cavablandırdılar.  
Görüş səmimi söhbətlərlə davam etdirildi.


Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU