BAHAR MURADOVA: “Azərbaycan hər zaman İsveçrənin balanslı və dinc siyasətini təqdir edir”

XƏBƏRLƏR
12 sentyabr 2013 | 09:09   
Paylaşın:        

Sentyabrın 11-də Milli Məclis Sədrinin müavini  Bahar Muradova  İsveçrənin ölkəmizdəki yeni səfiri Paskal Ebişerlə görüşdü.
Səfirə qarşıdakı fəaliyyətində uğurlar arzulayan Bahar Muradova ölkələrimiz arasındakı dostluq  əlaqələrinin  tarixindən söhbət açdı, iqtisadi, humanitar və mədəni münasibətlərimizi yüksək dəyərləndirdiyini vurğuladı. O, Azərbaycan-İsveçrə parlamentlərarası işçi  qrupunun rəhbəri kimi ali qanunverici orqanlar arasındakı mövcud əlaqələrin inkişafında  dostluq  qruplarının  xüsusi rolu olduğunu  diqqətə çatdırdı.
Sonra xanım vitse-spiker Azərbaycan parlamentinin işi, qanunvericilik bazası, deputatların və Milli Məclis komitələrinin fəaliyyəti, qarşıdan  gələn prezident seçkilərinə hazırlıq prosesi barədə qonağa  ətraflı məlumat verdi. Ölkələrimizin beynəlxalq təşkilatlarda qarşılıqlı  fəaliyyətinə toxunan Bahar Muradova ATƏT PA çərçivəsində İsveçrənin daim Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini qeyd edərək dedi: “Ölkəmiz İsveçrənin balanslı və dinc  siyasətini hər  zaman təqdir  edir. Biz Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində atılan addımlarda bu ölkənin dəstəyinə böyük ümidlər bəsləyirik.” Vitse-spiker Azərbaycanın qaçqın və məcburi köçkünlərlə bağlı problemlərinin həllində İsveçrə təşkilatlarının göstərdiyi yardımlara görə minnətdarlığını da ifadə etdi. 
Səmimi görüş və ətraflı məlumata görə təşəkkürünü bildirən  Paskal  Ebişer  ölkələrimiz  arasında  iqtisadi  münasibətlərin daha  da inkişaf etdirilməsi üçün böyük zəmin olduğunu qeyd  etdi.  Qonaq regionda  neft  və təbii qaz ixracatı ilə bağlı  həyata  keçirilən qlobal  layihələrdə  qarşılıqlı əməkdaşlığımızdan söz açdı. 
Səfir öz ölkəsinin gələn ildən etibarən ATƏT PA-ya sədrlik  edəcəyi dönəmdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində əhəmiyyətli irəliləyişlərin reallaşacağına ümidvar olduğunu bildirdi. O, Azərbaycana  qarşıdan  gələn  9 oktyabr  - Prezident  seçkilərində uğurlar dilədi.
Görüşdə  qarşılıqlı maraq  doğuran bir  sıra  məsələlərə  toxunuldu.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU