Avropa Şurası Parlament Assambleyasının Xüsusi Komitəsinin seçkiqabağı missiyasının üzvləri ilə görüş

XƏBƏRLƏR
12 sentyabr 2013 | 02:09   
Paylaşın:        

Sentyabrın 11-də Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin üzvləri Azərbaycanda prezident seçkilərinin müşahidəsi üzrə Robert Uolterin başçılıq etdiyi Avropa Şurası Parlament Assambleyasının Xüsusi Komitəsinin seçkiqabağı missiyasının üzvləri ilə görüşdülər.
Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qonaqları salamlayaraq bildirdi ki, biz müxtəlif ölkələri təmsil etsək də, Avropa ailəsinin üzvləri kimi eyni dəyərləri bölüşürük. Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün təkcə AŞPA-dan yox, bir sıra digər beynəlxalq təşkilatlardan da müşahidəçilər ölkəmizə gələcəklər. Bildirildi ki, Azərbaycanı AŞPA-da təmsil edən deputatlar müxtəlif partiyaların nümayəndələridir. Onların içərisində YAP və digər partiyaların üzvləri, müxalifət nümayəndələri və bitərəflər var. Lakin hamımızın məqsədi Azərbaycanda şəffaf və ədalətli seçkilərin keçirilməsinə öz töhfəmizi verməkdən ibarətdir.
Səmimi sözlər üçün təşəkkürünü bildirən AŞPA nümayəndə heyətinin rəhbəri Robert Uolter bildirdi ki, Avropa Şurasının müşahidəçiləri bir sır ölkələrdə seçki prosesini müşahidə etmişlər. Bu təcrübədən qaynaqlanaraq deyə bilərik ki, mənim təmsil etdiyim Böyük Britaniya da daxil olmaqla heç bir ölkədə qüsursuz seçki prosesi yoxdur.
Robert Uolter ölkəmizdə olduqları müddətdə seçkiqabağı vəziyyətlə tanış olduqlarını və seçkidən sonra hazırlayacaqları hesabatın maksimum obyektiv olmasına çalışacaqlarını diqqətə çatdırdı.    
Sonra görüşdə qonaqları maraqlandıran suallara cavab verildi.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU