MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
06 fevral 2012 | 06:02   
Paylaşın:        

Fevralın 6-da Milli Məclisdə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri Fransa Senatının üzvü Natali Qulenin rəhbərlik etdiyi Senat üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşdülər.
Komitə sədri Səməd Seyidov qonaqları salamlayaraq, onların ölkəmizə səfərinin xüsusi önəm daşıdığını bildirdi. O, iki ölkə arasında münasibətlərin həmişə yüksək səviyyədə olduğunu deyərək, bu səfərin qarşılıqlı əlaqələrin inkişafında müsbət rol oynayacağına əminliyini ifadə etdi. Fransa Senatında qondarma “erməni soyqırımı”nı inkar edənlərə qarşı qəbul olunmuş qanunla bağlı öz etirazlarını bildirdiklərinə görə nümayəndə heyətinə dərin minnətdarlıq bildirildi.
Söhbətdə Natali Qule səmimi görüşə görə öz təşəkkürünü bildirdi. Ölkəsinin ATƏT-in Minsk qrupunun həmsədri olaraq Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll edilməsinə tərəfdar olduğunu və Azərbaycanın mövqeyini dəstəklədiyini söylədi. Qonaq qeyd olunan qanunun qəbulu ilə bağlı təəssüf hissi keçirdiyini vurğuladı.
 Çıxış edən digər senatorlar da öz mövqelərini bildirərək, bu məsələyə tarixçilərin qiymət verməsinin daha doğru olduğunu dedilər.
Görüşdə deputatlarımız müzakirə olunan məsələyə öz münasibətlərini bildirdilər.
Görüş səmimi söhbətlərlə davam etdirildi.


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU