AZƏRBAYCAN-İRAN MÜNASİBƏTLƏRİ İNKİŞAF EDİR

XƏBƏRLƏR
24 sentyabr 2013 | 04:09   
Paylaşın:        

Sentyabrın 24-də ölkəmizdə səfərdə olan İran İslam Şurası Məclisinin Milli təhlükəsizlik və xarici siyasət komissiyasının üzvləri Milli Məclisdə Azərbaycan-İran parlamentlərarası işçi qrupunun üzvləri ilə görüşdülər.
Qonaqları səmimi salamlayan işçi qrupunun üzvü Eldar İbrahimov ölkələrimiz arasındakı əlaqələrin inkişafında parlamentlərin rolunu qeyd edərək  qarşılıqlı səfərlərin əhəmiyyətindən danışdı. Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə 2010-cu ildə Azərbaycan parlament nümayəndə heyətinin İrana səfərini, 2011-ci ildə isə İran Parlamentinin sədri Əli Laricaninin ölkəmizə səfərini xatırladan Eldar İbrahimov bildirdi ki, belə səfərlər qarşılıqlı münasibətlərin inkişafına güclü təkan verir. Qeyd olundu ki, Azərbaycanla İran arasında müxtəlif sahələrdə yaxşı əməkdaşlıq mövcuddur və hər iki ölkə əlaqələrin möhkəmləndirilməsində maraqlıdır.
Görüş üçün minnətdarlığını bildirən İran Parlamentinin deputatı Cavad Cahangirzadə qədim tarixi köklərlə bir-birinə sıx bağlı olan İran və Azərbaycanın parlament diplomatiyasını inkişaf etdirmək üçün geniş potensialı olduğunu diqqətə çatdırdı.  Bildirdi ki, bunun üçün hər iki ölkənin parlamentində fəaliyyət göstərən dostluq qruplarının üzərinə mühüm vəzifələr düşür və mövcud imkanlardan bəhrələnmək hər iki dövlət üçün faydalıdır .
 Sonra görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında müzakirələr aparıldı.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU