AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ PAYIZ SESSİYASINDA

XƏBƏRLƏR
27 sentyabr 2013 | 05:09   
Paylaşın:        

Sentyabrın 30-dan oktyabrın 4-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının payız sessiyası keçiriləcəkdir. Sessiyada Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, təşkilatda daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcəkdir.
Nümayəndə heyətinin tərkibinə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, deputatlardan Qənirə Paşayeva, Sabir Hacıyev, Sahibə Qafarova və Fazil Mustafa daxildirlər.
Sessiyada Albaniyada parlament seçkilərinin nəticələri, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının 2012-2013-cü illərdə fəaliyyəti, Assambleyanın monitorinq prosedurunun təkmilləşdirilməsi, milli təhlükəsizlik və informasiya azadlığı, Bosniya və Herseqovinada demokratik təsisatların fəaliyyəti, Moldova tərəfindən vəzifə və öhdəliklərin yerinə yetirilməsi, Avropadakı münaqişələrdə itkin düşmüş şəxslərin humanitar problemləri, qlobal miqyasda ərzaq təminatı problemi və digər mövzularda fikir mübadiləsi aparılacaqdır.
Tədbirdə Milli Məclisin deputatı Sahibə Qafarova “Əmək bazarında yaşlı insanlara qarşı diskriminasiya ilə mübarizə” adlı məruzə ilə çıxış edəcək, mövzu üzrə müzakirələr keçiriləcəkdir.
Sessiyada nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və deputatlar çıxış edəcək, gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU