İsrail Azərbaycanın həm dostu, həm də müttəfiqidir

XƏBƏRLƏR
08 oktyabr 2013 | 01:10   
Paylaşın:        

Oktyabrın 7-də Milli Məclisin Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri  ABŞ-ın Sovet Yəhudiləri üzrə Milli Komitəsinin üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşdülər.
Azərbaycan-İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Asim Mollazadə qonaqları salamlayaraq bildirdi ki, İsrail Azərbaycana həm dost, həm də müttəfiq ölkədir. Hər iki ölkə arasında iqtisadi, siyasi və mədəni sahələrlə yanaşı, texnoloji sahədə də geniş əlaqələr mövcuddur. Bu səbəbdəndir ki, ölkələrimiz arasındakı ticarət dövriyyəsinin həcmi 4 milyard dollardan çoxdur.
Daha sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Asim Mollazadə Azərbaycanın 1 milyondan çox qaçqın və məcburi köçkününün olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, problemlə bağlı beynəlxalq təşkilatlar bir sıra qətnamələr qəbul etsələr də, Ermənistan onları icra etmir. Xocalı soyqırımından söz açan deputat bildirdi  ki, İsrail də Azərbaycanın başına açılan bu bəlaları yaxşı başa düşür.
Görüşdə qonaqlara Azərbaycanın siyasi sistemi, bir neçə gündən sonra keçiriləcək prezident seçkiləri və seçkiqabağı vəziyyət barədə ətraflı məlumat verildi. 
Sovet Yəhudiləri üzrə Milli Komitənin sədri Qrinberq Stiven isə Azərbaycanda böyük yəhudi icmasının yaşamasından məmnunluğunu ifadə etdi. Bildirdi ki, bu icmanın nümayəndələri Azərbaycanda bərabərhüquqlu vətəndaşlar kimi yaşayır və fəaliyyət göstərirlər. Qonaq səfərin məqsədinin dostluq əlaqələrimizi, iqtisadi və siyasi sahələrdəki əməkdaşlığımızı daha da genişləndirməkdən ibarət olduğunu diqqətə çatdırdı.
Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər ətrafında da qarşılıqlı fikir mübadiləsi aparıldı.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU