AZƏRBAYCAN REGİONDA BÖYÜK ROLA MALİK ÖLKƏDİR

XƏBƏRLƏR
08 oktyabr 2013 | 05:10   
Paylaşın:        

Oktyabrın 8-də Milli Məclis Sədrinin müavini, Azərbaycanın ATƏT PA-da daimi nümayəndə heyətinin rəhbəri Bahar Muradova Portuqaliya-Azərbaycan parlamentlərarası dostluq qrupu sədrinin müavini, ölkəmizdə keçiriləcək prezident seçkilərini beynəlxalq müşahidə üzrə ATƏT PA missiyasının üzvü Antonio Ramos Preto ilə görüşdü.
Bahar Muradova qonağı salamlayaraq bildirdi ki, hazırda dünyada hökm sürən iqtisadi böhrana baxmayaraq Azərbaycan öz iqtisadi inkişaf tempini qoruyub saxlaya bilmişdir. Ötən 9 ayın iqtisadi göstəriciləri isə gələcəyə daha nikbin baxmağa əsas verir. Bütün bu inkişafa cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi son 10 ildə nail olunmuşdur. İnanırıq ki, sabah – oktyabrın 9-da Azərbaycan xalqı növbəti şəffaf seçkilərini keçirəcək və bu inkişafın növbəti 5 ildə davam etməsinə səs verəcəkdir.
 Söhbət zamanı vitse-spiker seçkidən sonra ATƏT-in və digər beynəlxalq təşkilatların müşahidəçilərinin obyektiv rəy bildirəcəklərinə əminliyini ifadə etdi. Bahar Muradova qonağa Portuqaliya-Azərbaycan dostluğuna verdiyi töhfələrə görə təşəkkürünü bildirdi.
Görüş üçün minnətdarlığını bildirən Antonio Ramos Azərbaycana səfərindən, keçirdiyi görüşlərdən məmnunluğunu ifadə etdi. Azərbaycanda gördüyü inkişafın onda xoş təəssürat yaratdığını deyən qonaq qeyd etdi ki, Azərbaycan regionda böyük rola malik ölkədir və bu ölkə sülhün bərqərar olmasının təminatçısı hesab edilə bilər.
Qonaq hazırda Portuqaliyada iqtisadi böhran yaşandığını və investisiya yatırımı üçün münbit şərait olduğunu diqqətə çatdırdı.
Söhbət zamanı seçkiqabağı vəziyyət, qarşılıqlı əməkdaşlıq və tərəfləri maraqlandıran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU