MİLLİ MƏCLİSDƏ GÖRÜŞLƏR

XƏBƏRLƏR
08 oktyabr 2013 | 06:10   
Paylaşın:        

Oktyabrın 8-də Milli Məclisin Azərbaycan-Serbiya parlamentlərarası işçi qrupunun üzvləri prezident seçkilərini müşahidə etmək üçün ölkəmizdə səfərdə olan deputat İrena Vuyoviçin başçılıq etdiyi Serbiya parlamentinin nümayəndə heyəti ilə görüşdülər.
Azərbaycan-Serbiya parlamentlərarası işçi qrupunun rəhbəri Məlahət İbrahimqızı bildirdi ki, bu gün Azərbaycan-Serbiya münasibətləri yüksələn xətlə inkişaf edir. İki ölkə beynəlxalq təşkilatlarda da bir-birinin haqq işini müdafiə edir, qarşılıqlı maraq doğuran məsələlərdə eyni mövqedən çıxış edirlər. Bu gün isə serbiyalı deputatlar seçkiləri müşahidə missiyasını həyata keçirmək üçün Azərbaycanda səfərdədirlər. Sabah keçiriləcək seçkilər Azərbaycan xalqının tarixinə mühüm əhəmiyyətli hadisələrdən biri kimi yazılacaqdır.
Söhbət zamanı qarşılıqlı səfərlərin əhəmiyyəti, Azərbaycanda sabah keçiriləcək prezident seçkiləri, qarşılıqlı təcrübə mübadiləsi və digər mövzularda müzakirələr aparıldı.
 Görüşdə Azərbaycan-Serbiya parlamentlərarası işçi qrupunun üzvü Asim Mollazadə iştirak edirdi.
*       *       *
Həmin gün Milli Məclisin Azərbaycan-Latviya parlamentlərarası işçi qrupunun rəhbəri Rövşən Rzayev prezident seçkilərini müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Baltik Assambleyasının sədri, Latviya-Azərbaycan dostluq qrupunun üzvü Raymonds Veronis ilə görüşdü.
Bildirildi ki, Azərbaycan bir sıra ölkələrlə, o cümlədən Baltik Assambleyası ölkələrilə münasibətlərinin inkişafına diqqətlə yanaşır. Bu gün Azərbaycanla Latviya arasında münasibətlər yüksək səviyyədədir. İki ölkə arasında mütəmadi olaraq ölkə başçıları səviyyəsində səfərlər həyata keçirilir, biznes forumlar təşkil olunur. Lakin ölkələrimiz arasındakı ticarət dövriyyəsi mövcud potensialdan xeyli aşağıdır. Bu iqtisadi potensialdan səmərəli istifadə olunmalıdır.
Söhbət zamanı qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı faciəsi barədə məlumat verildi. Qonaq Latviyanın Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll edilməsinə tərəfdar olduğunu və ATƏT-in öz səylərini artırmasının vacibliyini diqqətə çatdırdı. 

Görüşdə  Azərbaycan-Latviya parlamentlərarası işçi qrupunun üzvü Çingiz Əsədullayev iştirak edirdi.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU