ATƏT PARLAMENT ASSAMBLEYASININ PAYIZ SESSİYASINDA

XƏBƏRLƏR
11 oktyabr 2013 | 04:10   
Paylaşın:        

Milli Məclis Sədrinin müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə bir qrup deputat ATƏT Parlament Assambleyasının payız sessiyasında iştirak etmək üçün oktyabrın 12-dən 16-dək Monteneqronun Budva şəhərində səfərdə olacaqdır.
Nümayəndə heyətinə Milli Məclisin komitə sədrləri Eldar İbrahimov, Rəbiyyət Aslanova və deputat Azay Quliyev daxildirlər.
Sessiya çərçivəsində ATƏT Parlament Assambleyasının Aralıq Dənizi Forumu və “Transmilli təhdidlər və insan hüquqlarının müdafiə olunmasında ATƏT-in rolu” mövzusunda parlament konfransı keçiriləcəkdir.
Bu tədbirlərdə Aralıq Dənizi regionu: sivilizasiyaların ittifaqı, Suriyada vəziyyət, ATƏT məkanında terrorizmə və transmilli təhdidlərə qarşı mübarizə və insan hüquqlarına riayət olunması, təhlükəsizlik sahəsində maliyyə böhranının nəticələri, müxtəlif cəmiyyətlərin inteqrasiyası və digər mövzularda fikir mübadiləsi aparılacaqdır.  
İclaslarda nümayəndə heyətinin rəhbəri Bahar Muradova və deputatlar çıxış edəcək, gündəliyə çıxarılacaq sənədlərə münasibətlərini bildirəcəklər.
Sessiya ərzində Assambleya Bürosunun və Daimi Komitəsinin də iclasları keçiriləcəkdir.

 

Milli Məclisin
Mətbuat  xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU