MDB PA-nın TƏDBİRLƏRİNDƏ

XƏBƏRLƏR
25 oktyabr 2013 | 09:10   
Paylaşın:        

Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə, deputatlar Ərəstun Cavadov, Fəzail Ağamalı və Adil Əliyev MDB PA-nın  Daimi komissiyalarında və beynəlxalq konfransda iştirak etmək üçün oktyabrın 23-dən 26-dək Rusiyanın Sankt-Peterburq şəhərində səfərdə olacaqlar. 
MDB Parlamentlərarası Assambleyasının Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi üzrə Daimi komissiyasının iclasında  bələdiyyə referendumlarının, seçkilərinin və səsvermənin təşkili və keçirilməsinin ümumi prinsiplərinə dair Tövsiyə layihəsi müzakirəyə çıxarılacaq. Bir sıra model qanunlara baxılacaq, MDB-yə üzv dövlətlərin regionlararası əməkdaşlığına dair Konvensiyanın layihəsi ətrafında fikir mübadiləsi aparılacaq.
MDB PA-nın Nəzarət-büdcə komissiyasının iclasında qurumun maliyyələşdirilməsi məsələsi gündəmdə olacaq. Həmçinin bu komissiyanın 2014-cü ilə dair iş planı nəzərdən keçiriləcək.
“Avropa və MDB dövlətlərinin sosial-iqtisadi inkişafında regional və yerli hakimiyyət orqanlarının rolunun artırılması yolları” mövzusunda beynəlxalq konfransda əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində müzakirələr aparılacaq. Bunun üçün müasir strategiyalardan istifadə edilməsinə, innovasiya texnologiyalarının tətbiqində informasiya mübadiləsinə xüsusi maraq göstəriləcək. Regionlararası və sərhədyanı əməkdaşlıq sahəsində mövcud olan təcrübə, həmçinin perspektivlər müzakirə ediləcək.
Deputatlarımız bütün müzakirələrdə mövqelərini bildirəcəklər. 


 
Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU