MİLLİ MƏCLİSİN İCLASINDA

XƏBƏRLƏR
25 oktyabr 2013 | 09:10   
Paylaşın:        

Oktyabrın 22-də Milli Məclisin  növbəti iclası keçirildi. İclası açan Milli Məclisin Sədri Oqtay  Əsədov İlham Heydər  oğlu Əliyevi  9 oktyabr  - Prezident  seçkilərində  qazandığı parlaq  qələbə münasibəti ilə Milli  Məclis üzvləri  adından  təbrik etdi. Spiker  bildirdi: “Bu  yaxınlarda  ölkəmizin  və dövlətimizin  siyasi  həyatında  böyük bir  hadisə baş verdi. Prezident  seçkilərində Azərbaycan xalqı  İlham Əliyevə səs verməklə özünün  gələcək inkişafına səs verdi.  Bu  münasibətlə  mən sizin hamınızı  ürəkdən təbrik edirəm. Böyük fəxarət  hissi  duyuram ki, Prezident  andiçmə  mərasimini Mili Məclisdə keçirdi. Belə önəmli bir  mərasimin parlamentdə keçirilməsi dövlət başçısının ölkənin qanunverici orqanına verdiyi yüksək qiymətdən xəbər verir.  İlham Əliyevə qarşıdakı 5 illik prezidentlik fəaliyyətində uğurlar, Azərbaycanın  xoş sabahı naminə  böyük nailiyyətlər arzulayıram!” Oqtay Əsədov ölkə başçısına parlament adından təbrik məktubu  ünvanlanacağını qeyd  etdi.
Sonra  spiker  bildirdi ki,  ölkə Konstitusiyasının 109-cu maddəsinin 4-cü  bəndinə  uyğun olaraq  Prezident  İlham Əliyev Azərbaycan  Respublikasının  Baş  naziri  vəzifəsinə təyin olunmasına  razılıq verilməsi  üçün Artur  Tahir  oğlu  Rasizadənin  namizədliyi ilə əlaqədar  Milli Məclisə müraciət etmişdir. Prezidentin  bu  təqdimatını  yüksək  dəyərləndirən Milli Məclisin Sədri  qeyd  etdi ki,  Artur Rasizadə olduqca  təcrübəli  və layiqli insandır. Bu  məsələ səsə qoyuldu və Prezidentin təqdimatına  razılıq verildi. Artur  Rasizadəni təbrik edən Oqtay Əsədov ona   fəaliyyətində  uğurlar arzuladı.
Gündəlikdəki ilk iki məsələ -  Bakı Appelyasiya  Məhkəməsi hakiminin  təyin edilməsi və  Bakı, Gəncə və Şirvan şəhər Apellyasiya məhkəmələri hakimlərinin tutduqları vəzifələrindən azad olunması ilə bağlı Azərbaycan Prezidentinin təqdimatına baxıldı. Hər iki layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, “Məhkəmələr və hakimlər haqqında” qanunun 97-ci maddəsinə əsasən sənəd parlamentə təqdim edilib. Təqdimata əsasən, Bakı Apellyasiya Məhkəməsinin səlahiyyət  müddəti bitmiş hakimi Qail Fazil oğlu Məmmədov yenidən  hakim vəzifəsinə təyin edilir, Bakı Apellyasiya Məhkəməsinin hakimi Xəlilov Hilal İsmayıl oğlu, Gəncə Apellyasiya Məhkəməsinin hakimi Əhmədov Ceyhun Rasim oğlu və Şirvan Apellyasiya Məhkəməsinin hakimi Allahverdiyev Məhərrəm Ələkbər oğlu tutduqları vəzifələrindən azad edilirlər. Təqdimat səsə qoyularaq qəbul olundu.
Türkdilli  Dövlətlərin  Əməkdaşlıq  Şurasının  üçüncü  Zirvə  toplantısı  Bəyannaməsinin  təsdiq  edilməsi haqqında sənədlə  bağlı Beynəlxalq  münasibətlər  və  parlamentlərarası əlaqələr  komitəsinin sədri  Səməd  Seyidov məlumat verdi. Komitə sədri bu yaxınlarda Qəbələ rayonunda keçirilən  toplantının  əhəmiyyəti  barədə danışdı, bunu  türkdilli  xalqların  bir-birinə yaxınlaşması  və  dünya  arenasında  öz  yerini  möhkəmlətməsində  önəmli  hadisə kimi  qiymətləndirdi.  Deputat Fəttah Heydərov da türkdilli dövlətlərin zirvə toplantısının Qəbələdə keçirilməsini, burada mühüm sənədlərin qəbul olunmasını əhəmiyyətli hal adlandırdı.  Sənəd  ətraflı  müzakirələrdən  sonra  səsə  qoyularaq  qəbul  edildi.
 “Azərbaycan və Gürcüstan Hökumətləri arasında fövqəladə halların nəticələrinin aradan qaldırılması, məhdudlaşdırılması və azaldılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi, “Azərbaycan  Hökuməti və Avropa İnvestisiya Bankı arasında AİB-in Azərbaycan Respublikasındakı fəaliyyətini tənzimləyən Çərçivə Sazişi”nin təsdiq edilməsi haqqında qanun layihələri barədə  Milli Məclis  Sədrinin birinci  müavini, Təhlükəsizlik  və müdafiə komitəsinin sədri  Ziyafət  Əsgərov məlumat  verdi. Hər  iki sənəd  səsə qoyularaq  qəbul  edildi.
İclasda Vergi Məcəlləsinə  edilən  redaktə  xarakterli  dəyişiklik barədə  İqtisadi  siyasət  komitəsinin  sədri  Ziyad  Səmədzadə  məlumat  verdi.  Sənəd  səsvermə  yolu ilə  təsdiq  edildi.
Sonra  “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik müzakirəyə çıxarıldı. Layihə barədə məlumat verən İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə  bildirdi ki, sənəddəki dəyişikliyə əsasən şəxsiyyət vəsiqəsinin və ümumvətəndaş pasportlarının verilməsinə və ya dəyişdirilməsinə görə ödənilən dövlət rüsumunun 20 faizi müvafiq icra hakimiyyəti orqanının pasport və qeydiyyat qurumlarının xüsusi rütbəsi olan əməkdaşlarının ("ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən işçilər istisna olmaqla) sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədilə xüsusi hesaba köçürüləcək. Layihə səsə qoyularaq qəbul olundu.
İclasda Mülki Məcəlləyə texniki xarakterli dəyişikliyə də baxıldı.
Gündəlikdəki növbəti məsələ  "Bədən tərbiyəsi və idman haqqında" qanunda dəyişikliklər edilməsi barədə  sənəd  haqqında   məlumat  verən  Sosial  siyasət  komitəsinin sədri Hadi Rəcəbli  bildirdi ki,  sənədin iki maddəsinə dəyişiklik edilir. Dəyişikliklərin mahiyyəti mərc-idman oyunları zamanı  rəsmi operatorun   iştirakının  təminatı ilə bağlıdır. Sənəd  səsə  qoyularaq  qəbul edildi.
Sonra “Təbii  inhisarlar  haqqında”  və “Sahibkarlıq  fəaliyyəti  haqqında”  qanun layihələrinə  edilən  dəyişikliklərə baxıldı.  Hər  iki  sənədə edilən  dəyişikliklər  deputatlar  tərəfindən  razılıqla  qarşılandı  və sənəd  səsə  qoyularaq  qəbul  edildi.  
 “Sosial  sığorta haqqında”  və  “Əhalinin sağlamlığı haqqında” qanunlara edilən  dəyişikliklərlə bağlı Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verdi. Bildirildi ki, dəyişikliyə əsasən, müvafiq icra strukturları tərəfindən qeysəriyyə kəsiyi əməliyyatının dövlət və qeyri-dövlət tibb müəssisələrində aparılmasına icazə verilmirsə, qeyri-qanuni şəkildə  bu əməliyyatın aparılmasına imkan verən klinikalar və şəxslər məsuliyyətə cəlb olunacaqlar. Hadi Rəcəbli qeyd  etdi ki, dəyişikliklər bu sahədə sui-istifadə hallarının qarşısının alınmasına xidmət edəcək. Layihə səsə qoyularaq qəbul edildi.
"Məhkəmə-Hüquq Şurası haqqında" qanuna dəyişikliklər barədə  məlumat verən Hüquq siyasəti və  dövlət  quruculuğu  komitəsinin sədri Əli Hüseynli bildirdi ki, hakimlərə onların öz razılığı ilə iki ilədək müddətə digər məhkəmə strukturlarında ezamiyyətə göndərmək hüququ veriləcək. Sənəd  səsvermə yolu ilə təsdiqləndi.
Azərbaycanda qanunsuz dini təyinatlı məhsullara görə cinayət məsuliyyəti sərtləşdiriləcək. Bunu Cinayət Məcəlləsinin müvafiq  maddəsinə  edilən  dəyişiklik barədə məlumat  verən   Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli  bildirdi. Məcəllənin 167-2 maddəsinə edilən dəyişikliklərə görə, müvafiq razılıq olmadan dini təyinatlı ədəbiyyatı, audio və video materialları, dini məzmunlu başqa məlumatları istehsal etmə, idxal etmə, satma və yaymaya görə 5 min manatdan 7 min manata qədər cərimə və ya 2 ilə qədər müddətdə azadlıqdan mərhumetmə cəzası tətbiq olunacaq. Eyni əməllər qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, vəzifəli şəxs öz qulluq mövqeyindən istifadə edərək bunu törətdikdə 7 min manatdan 9 min manatadək cərimə və ya 2 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq. Layihə  səs çoxluğu ilə  qəbul edildi.
Sonra İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirəyə çıxarıldı.  Layihəni şərh  edən Əli Hüseynli bildirdi ki,  məcəllənin bir neçə maddəsinə dəyişiklik edilir. Qiymətli kağızlar bazarında investorların hüquqlarının pozulmasına və ya qanunsuz olaraq hər hansı şəkildə məhdudlaşdırılmasına görə vəzifəli şəxslər 400 manatdan 600 manatadək, hüquqi şəxslər 4000 manatdan 6000 manatadək cərimə ediləcəklər. Digər  bir maddəyə edilən  dəyişikliyə  əsasən  qiymətli kağızlar emissiyası və buraxılışı qaydalarının pozulmasına görə fiziki şəxslər 200 manatdan 400 manatadək, vəzifəli şəxslər 600 manatdan 800 manatadək, hüquqi şəxslər 3000 manatdan 5000 manatadək cərimə ediləcəklər. 211-ci maddəyə edilən dəyişikliyə görə isə qiymətli kağızlarla əqdlərin bağlanması qaydalarının pozulmasına görə vəzifəli şəxslər 500 manatdan 600 manatadək, hüquqi şəxslər 3000 manatdan 4000 manatadək cərimə ediləcəklər. Layihə səsə qoyularaq təsdiq  olundu.
Sonra  iclasda “Seleksiya  nailiyyətləri haqqında”, “Toxumçuluq  haqqında”, “Üzümçülük və şərabçılıq  haqqında”, “Yeyinti məhsulları haqqında”, “Kənd  təsərrüfatında  sığortanın  stimullaşdırılması haqqında”, “Ekoloji təmiz  kənd  təsərrüfatı  haqqında”  qanun layihələrində  redaktə  xarakterli  dəyişikliklər   müzakirə  edilərək  qəbul  edildi.
Gündəlikdə  duran  digər  məsələ - “Yol  hərəkəti haqqında” qanuna  edilən  dəyişikliklə  əlaqədar  məlumat verən Əli Hüseynli  bildirdi ki,  dəyişiklik əcnəbilərin hüquqları ilə bağlıdır və miqrasiya  sahəsində  həyata  keçirilən  proseslərin gücləndirilməsini  özündə  ehtiva  edir.  Əcnəbilər  yol  hərəkəti   qaydaları ilə bağlı saxlanılarkən  şəxsiyyəti   təsdiq  edən  sənəd təqdim etməlidirlər.  Bu  sənədin  qəbulu ilə əlaqədar “Dövlət  rüsumu  haqqında” qanunda  da müvafiq  dəyişiklik  qəbul  edildi.
İclasda Azərbaycan Respublikasının 2007-ci il 10 aprel tarixli 267-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydası haqqında Əsasnamə"də və  Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə  sənədlər  də müzakirə olunaraq  qəbul  edildi.
İclasda  “Avtomobil  nəqliyyatı  haqqında” qanun  layihəsinə  edilən  dəyişikliyə  də baxıldı  və  səsə  qoyularaq təsdiq   edildi.
İclasda “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” qanuna edilən  dəyişikliyə  də baxıldı.  Bildirildi ki,  qanunun 9.2-ci maddəsi aşağıdakı redaksiyada təklif  edilir:  “9.2. Azərbaycan Respublikası Dövlət bayrağının sənaye üsulu ilə hazırlanması, düzəldilməsi, rəngli təsvirinin çapı zamanı onun mavi rənginin “Panton” rənglər kataloqunun Pantone 306C rənginə, qırmızı rənginin Pantone Red 032C rənginə, yaşıl rənginin Pantone 362C rənginə uyğunluğu təmin edilməlidir”. Müzakirələrdən sonra sənəd  səsə qoyularaq qəbul olundu. 
Bununla  da  Milli Məclisin bugünkü  iclası  öz işini  başa  çatdırdı.

 

Milli Məclisin
Mətbuat xidməti

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU