Uruqvay Azərbaycanla bütün sahələrdə əməkdaşlıq etmək niyyətindədir

XƏBƏRLƏR
31 oktyabr 2013 | 06:10   
Paylaşın:        

Oktyabrın 30-da Azərbaycanda səfərdə olan Uruqvay Respublikası parlamentinin nümayəndə heyəti ilə Milli Məclisin Azərbaycan-Uruqvay parlamentlərarası işçi qrupunun üzvləri arasında görüş oldu.
Qonaqları salamlayan işçi qrupunun rəhbəri Cavanşir Feyziyev bildirdi ki, iki dövlət arasında 1995-ci ildə diplomatik münasibətlər qurulduqdan sonra bir sıra qarşılıqlı səfərlər həyata keçirilmiş və mövcud əlaqələrin daha da genişləndirilməsi üçün əlverişli şərait yaradılmışdır.
Azərbaycan haqqında qonaqlara məlumat verən C.Feyziyev diqqətə çatdırdı ki, rəsmi Bakı dünyanın bütün dövlətləri ilə əməkdaşlıq etmək istəyir. Bu gün neft və qaz ixracatçısı olan Azərbaycan sürətlə inkişaf etməkdədir. Hazırda Azərbaycanın neftdən gələn gəlirinin böyük hissəsi qeyri-neft sektorunun inkişafına yönəldilir. Bu, gələcəkdə Azərbaycanın davamlı iqtisadi inkişafını təmin edəcəkdir.
Söhbət zamanı iqtisadi-siyasi və digər sahələrdə faydalı əməkdaşlığın davam etdirilməsi üçün ölkəmizdə Uruqvay Respublikasının səfirliyinin açılmasının zəruri olduğunu bildirən C.Feyziyev bu addımın ölkələrimiz arasında əlaqələrin daha da inkişafına şərait yaradacağını nəzərə çatdırdı.
Sonra işçi qrupun üzvü Asim Mollazadə qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və bu sahədə hazırkı vəziyyət barədə ətraflı məlumat verdi.
Səmimi görüşə görə təşəkkürünü bildirən Uruqvay Respublikası parlamentinin nümayəndə heyətinin rəhbəri Doren Xavyer İbara Azərbaycanın sürətli iqtisadi inkişafının cəlbedici olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, Uruqvay Azərbaycanla bütün sahələrdə, o cümlədən enerji sahəsində əməkdaşlıq etmək niyyətindədir. Qarşılıqlı əməkdaşlığın genişləndirilməsi üçün yaradılmış əlaqələrdən səmərəli istifadənin zəruriliyini bildirən qonaq, Azərbaycanın beynəlxalq aləmdə fəal siyasət apardığını söylədi.
Görüşdə parlamentlərarası işçi qrupların fəaliyyətinin genişləndirilməsi, parlament diplomatiyasının rolu və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU