AZƏRBAYCAN-ARGENTİNA ƏLAQƏLƏRİ YENİ VÜSƏT ALIR

XƏBƏRLƏR
01 noyabr 2013 | 02:11   
Paylaşın:        

Oktyabrın 30-da Milli Məclisdə Argentina Milli Konqresinin Deputatlar Palatası və Senatının nümayəndə heyəti ilə Azərbaycan-Argentina parlamentlərarası işçi qrupu üzvlərinin görüşü keçirildi.
Qonaqları parlamentdə görməkdən məmnunluğunu bildirən işçi qrupun rəhbəri Rüstəm Xəlilov ölkəmizin Argentina ilə  əlaqələrin genişləndirilməsinə xüsusi önəm verdiyini bildirdi. Münasibətlərimizin inkişafında qarşılıqlı səfərlərin intensivləşdirilməsinin vacibliyi vurğulandı. İşçi  qrupun  rəhbəri  qeyd  etdi ki,  Azərbaycan Dillər Universitetində Argentina şöbəsi yaradılıb. Universitetdə təhsil alan tələbələr bu ölkə  haqqında maraqlı  məlumatları,  Argentina xalqının mədəniyyətini, milli mental xüsusiyyətlərini öyrənmək imkanı əldə ediblər. Rüstəm Xəlilov qonaqlara Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin mövcud vəziyyəti barədə məlumat verdi, ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyinə görə Argentina dövlətinə minnətdarlığını ifadə etdi.
Səmimi görüşə görə minnətdarlığını bildirən Argentina nümayəndə heyətinin rəhbəri  Roberto Moulleran, Bakıya hər gəlişində paytaxtımızın daha da gözəlləşdiyinin şahidi olduğunu qeyd etdi. Moulleran hər iki dövlətin demokratik inkişaf yolu keçməsini onları birləşdirən əsas cəhət kimi dəyərləndirdi. Bildirildi ki, dövlətlərimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensial vardır. Qonaq Azərbaycanın da Argentina kimi turistlər üçün cəlbedici yer olduğunu, ölkədə böyük turizm potensialının mövcudluğunu diqqətə çatdırdı.  Bu sahədə əməkdaşlığın iqtisadi baxımdan faydalı ola biləcəyini vurğuladı. Beynəlxalq təşkilatlar çərçivəsində Argentina ilə yaxından əməkdaşlığına görə Azərbaycan rəhbərliyinə təşəkkürünü  bildirdi.
Söhbətdə ölkəmizin Argentinadakı səfiri Məmməd  Əhmədzadə  və Argentinanın Azərbaycandakı  səfiri Karlos Dante Riva  iştirak edirdilər.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU