Uruqvay-Azərbaycan münasibətləri inkişaf edir

XƏBƏRLƏR
01 noyabr 2013 | 05:11   
Paylaşın:        

Noyabrın 1-də Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərovun Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Uruqvay Respublikası parlamentinin nümayəndə heyəti ilə görüşü oldu.
Qonaqları salamlayan Ziyafət Əsgərov bildirdi ki, Azərbaycanda keçirilən bu forum orada iştirak edən dövlətlərlə münasibətləri inkişaf etdirmək üçün mühüm bir platformadır. Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən bu tədbirdə çox əhəmiyyətli məsələlər müzakirə edilir.
Ziyafət Əsgərov qonaqlara məlumat verdi ki, Azərbaycan bir sıra dinlərin və mədəniyyətlərin qovuşduğu bir ölkədir. Azərbaycan tolerantlıq baxımından başqalarına nümunə ola bilər. Hazırda Azərbaycanda gözəl investisiya mühiti var və dünyanın bir sıra ölkələri buraya böyük investisiyalar yatırıblar. İstərdik ki, Uruqvay da bu posesdə iştirak etsin.
Söhbət zamanı qarşılıqlı səfərlərin əhəmiyyəti, parlamentlərarası əlaqələrin və iqtisadi münasibətlərin inkişaf etdirilməsinin vacibliyi barədə fikir mübadiləsi aparıldı. Ziyafət Əsgərov Uruqvaya beynəlxalq təşkilatlarda Azərbaycana verdiyi dəstəyə görə təşəkkürünü bildirdi.
Görüşdə qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı barədə məlumat verildi.
Səmimi görüşə görə təşəkkürünü bildirən Uruqvay Respublikası parlamentinin nümayəndə heyətinin rəhbəri Doren Xavyer İbara Azərbaycanda həqiqətən də tolerantlığın şahidi olduqlarını diqqətə çatdırdı. Bildirdi ki, Uruqvay Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun şəkildə sülh yolu ilə həllinə tərəfdardır.
Söhbət zamanı qeyd olundu ki, hazırda Uruqvayda kənd təsərrüfatı, Azərbaycanda isə neft sektoru inkişaf etmişdir. Buna görə də bu iki ölkə arasında əməkdaşlığı genişləndirmək üçün böyük potensial var.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU