MİLLİ MƏCLİSDƏ GÖRÜŞLƏR

XƏBƏRLƏR
04 noyabr 2013 | 02:11   
Paylaşın:        

Noyabrın 1-də Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Nizami Cəfərovun Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olan İtaliya Senatının Mədəniyyət və təhsil komissiyasının üzvü xanım Stefania Cannini ilə görüşü oldu.
Söhbət zamanı hər iki ölkənin parlamentlərinin Mədəniyyət komitələri arasında əməkdaşlığın genişləndirilməsi, Azərbaycan ədəbiyyatının məşhur əsərlərinin səfirlik vasitəsilə italyan dilinə tərcümə edilərək çap olunması, birgə konfrans və seminarların keçirilməsi, Vatikan muzeyində və digər İtaliya muzeylərində saxlanılan Azərbaycana aid əlyazmaların araşdırılması barədə fikir mübadiləsi aparıldı. Görüşdə Milli Məclisin deputatı Jalə Əliyeva da iştirak edirdi.

*       *       *

Həmin gün Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri Asəf Hacıyevin və Gövhər Baxşəliyevanın da Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olan İtaliya Senatının Mədəniyyət və təhsil komissiyasının üzvü xanım Stefania Cannini ilə görüşü oldu.
Qonağı salamlayan Asəf Hacıyev bildirdi ki, Azərbaycan da bir sıra ölkələr kimi Baloniya təhsil sisteminə qoşulmuşdur və təhsil sistemimiz ona uyğun olaraq inkişaf etdirilir. Qeyd olundu ki, ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı proqrama əsasən 5000-dək Azərbaycan gənci dünyanın müxtəlif ölkələrinin universitetlərində təhsil alacaqlar. Hazırda onlardan 2000 nəfər gənc artıq bu proqrama uyğun olaraq təhsil alırlar.
Söhbət zamanı elmi-tədqiqat və təhsil sahəsində əməkdaşlıq, Azərbaycan universitetlərinin diplomlarının Avropa ölkələrində, o cümlədən İtaliyada tanınması, təhsil sahəsində təcrübə mübadiləsi və digər mövzularda müzakirələr aparıldı.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU