PARLAMENT GÖRÜŞLƏRİ

XƏBƏRLƏR
04 noyabr 2013 | 05:11   
Paylaşın:        

Noyabrın 4-də Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Cənubi Afrika Respublikası Parlamentinin İncəsənət, mədəniyyət və irs komissiyasının sədri xanım Tandili Sunduza ilə görüşdü.
Xanım Tandilini Azərbaycan parlamentində salamlayan Nizami Cəfərov bildirdi ki, Cənubi Afrika Respublikası Afrika materikinin ən inkişaf etmiş ölkəsidir. CAR-da səfərdə olduğunu xatırladan komitə sədri vurğuladı ki, bu ölkənin mədəniyyəti çox rəngarəngdir. Onun sözlərinə görə sözügedən ölkənin təkcə parlamentində 11 dildə danışırlar. Bunun özü elə multikulturalizmdir.
Söhbət zamanı qeyd olundu ki, Cənubi Afrika ilə bir sıra sahələrdə geniş əməkdaşlıq imkanları var.
CAR Parlamentinin İncəsənət və mədəniyyət komissiyasının sədri xanım Tandili Sunduza da öz növbəsində Azərbaycan ilə bir sıra sahələrdə əlaqələrin yaradılmasının vacibliyini qeyd etdi. Bildirdi ki, Azərbaycanda mədəniyyətə, adət-ənənəyə və mədəni irsə böyük önəm verilir.
Qonaq Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunun təşkilini gözəl təşəbbüs kimi dəyərləndirdi, Azərbaycanla əlaqələrin yaradılmasında və möhkəmləndirilməsində əlindən gələni edəcəyini bildirdi.
Daha sonra qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

*        *        *

Həmin gün Azərbaycan-Cənubi Afrika Respublikası parlamentlərarası işçi qrupunun rəhbəri Əhməd Vəliyev və qrupun üzvü Azay Quliyev Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Cənubi Afrika Respublikası Parlamentinin İncəsənət, mədəniyyət və irs komissiyasının sədri xanım Tandili Sunduza ilə görüşdülər.
Söhbət zamanı qonağa Azərbaycanın müstəqillik tarixi və müasir inkişaf yolu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı barədə məlumat verildi. Görüşdə ikitərəfli münasibətlərin inkişafında parlamentlərin rolu, qarşılıqlı səfərlərin bu münasibətlərin inkişafı baxımından əhəmiyyəti barədə fikir mübadiləsi aparıldı.
Qeyd olundu ki, Cənubi Afrika Respublikasının parlamentində də Azərbaycanla işçi qrup yaradılsa, bu, münasibətlərimizin inkişafına böyük kömək göstərə bilər.
Hər iki görüşdə ölkəmizin Cənubi Afrika Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov iştirak edirdi.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU