AZƏRBAYCAN-ABŞ MÜNASİBƏTLƏRİ İNKİŞAF EDİR

XƏBƏRLƏR
16 noyabr 2013 | 01:11   
Paylaşın:        

Noyabrın 16-da Milli Məclis Sədrinin müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Azərbaycanda səfərdə olan ABŞ-ın Arizona ştatı Senatının və Nümayəndələr Palatasının üzvləri   ilə görüşdü.
Valeh Ələsgərov bildirdi ki, Azərbaycanla ABŞ arasında münasibətlər yüksək səviyyədədir. Ölkələrimiz arasındakı əlaqələr bütün sahələrdə uğurla inkişaf edir və Azərbaycanın Amerikanın müxtəlif ştatları ilə sıx münasibətləri vardır. 
Vitse-spiker qonaqlara Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar, neft strategiyası, alternativ enerji mənbələri, qeyri-neft sektorunun inkişafı barədə ətraflı məlumat verdi.
Bildirildi ki, Azərbaycan iqtisadi inkişafına görə regionda lider dövlət statusu qazanmışdır. Ölkəmizdə bir sıra sahələrdə, o cümlədən təhsil, mədəniyyət sahələrində dövlət proqramları həyata keçirilir. Hazırda 2000-dən çox gənc dövlət hesabına xarici ölkələrdə təhsil alır. Azərbaycan bir sıra xarici ölkələrdə də təhsil və mədəniyyət sahəsindəki layihələrə fəal dəstək verir. Azərbaycan real olaraq müstəqil ölkədir və heç bir ölkənin maliyyə dəstəyinə ehtiyacı yoxdur. Lakin Ermənistanın təcavüzkar siyasəti və Azərbaycan torpaqlarının 20 faizdən çoxunu işğal etməsi bu inkişafa mane olur.
Söhbət zamanı nümayəndə heyətinin rəhbəri Con Mak Komiş, Adam Driqqs, Don Şuter, Rik Qrey və digərlərinin suallarına cavab verildi, Azərbaycanla Arizona statı arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən parlamentlər səviyyəsində inkişaf perspektivləri müzakirə olundu, qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulandı.

*       *       *

Həmin gün ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatlarının Arizona Senatının və Nümayəndələr Palatasının üzvlərindən ibarət nümayəndə heyəti Milli Məclisdə Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri ilə görüşdülər. 
İşçi qrupun rəhbəri Səməd Seyidov yüksək səviyyədə olan ikitərəfli münasibətlərdən danışaraq bildirdi ki, Birləşmiş Ştatlar Azərbaycan üçün vacib ölkədir. Birləşmiş Ştatlar Azərbaycanın ərazi bütövlüyünü və haqq səsini yüksək səviyyədə dəstəkləyən ölkələrdəndir. Azərbaycan da hər zaman, xüsusilə də terrora qarşı mübarizədə Birləşmiş Ştatların yanındadır.
Səməd Seyidov diqqətə çatdırdı ki, Azərbaycan çoxmillətli və tolerantlıq nümayiş etdirən bir ölkədir. Burada müxtəlif mədəniyyətlərin və millətlərin nümayəndələri mehriban yaşayırlar.
Qeyd olundu ki, Azərbaycan və ABŞ məsafəcə bir-birindən uzaqda olsalar da, eyni dəyərləri bölüşürlər.
Söhbət zamanı Azərbaycanın Cənubi Qafqazda əhəmiyyətli rolu xüsusi qeyd edildi.
Görüşdə tərəfləri maraqlandıran digər mövzularda da fikir mübadiləsi aparıldı, qonaqların suallarına cavab verildi.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU