İNDONEZİYA AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜ DƏSTƏKLƏYİR

XƏBƏRLƏR
18 noyabr 2013 | 04:11   
Paylaşın:        

Noyabrın 18-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ölkəmizdə səfərdə olan İndoneziya parlamentinin İndoneziya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşdülər.
Komitənin sədri Səməd Seyidov səfərin əhəmiyyətini yüksək dəyərləndirdi. Son vaxtlar ölkələrimiz arasında yaranmış əlaqələrin perspektivlərindən söz açdı. Azərbaycan-İndoneziya əməkdaşlığının strateji əlaqələr səviyyəsinə yüksəldiyini qeyd etdi. İndoneziyanın bütün beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini dəstəklədiyini məmnunluqla vurğuladı.
Qonaqlara ölkəmizin tarixi barədə məlumat verən deputat Asim Mollazadə bildirdi ki, Azərbaycan islam aləmində ilk demokratik cümhuriyyət  quran, qadınlara seçki hüququ verən ölkədir. Müstəqilliyin 22 ili ərzində böyük nailiyyətlərə imza atmışıq. Lakin Dağlıq Qarabağ probleminin öz həllini tapmaması  daha sürətli inkişafa əngəl törədir. Diqqətə çatdırıldı ki, biz İndoneziya ilə çoxşaxəli əlaqələrin qurulmasında maraqlıyıq.
Görüşdə İndoneziya parlamentinin İndoneziya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Ferrari Roemavi qeyd etdi ki, ölkələrimiz arasında həm parlament, həm hökumət səviyyəsində əlaqələr getdikcə möhkəmlənir. Siyasi, iqtisadi münasibətlərimizin daha da inkişaf etməsi hər iki tərəfə fayda gətirəcək. İndoneziya indiyə qədər olduğu kimi, bundan sonra da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyəcək.
Sonra görüşdə İndoneziya parlamenti nümayəndə heyətinin üzvləri fikirlərini bölüşdülər. Qarşılıqlı maraq doğuran məsələlərə toxunuldu.

 
Milli Məclisin
Mətbuat xidməti

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU