AZƏRBAYCAN – İNDONEZİYA DOSTLUQ TELLƏRİ DAHA DA MÖHKƏMLƏNİR

XƏBƏRLƏR
18 noyabr 2013 | 05:11   
Paylaşın:        

Noyabrın 18-də Milli Məclisin Azərbaycan – İndoneziya   parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin ölkəmizdə səfərdə olan İndoneziya parlamentinin deputatları  ilə görüşü oldu. 
Qonaqları  salamlayan  Milli Məclisin deputatı,  qrupun rəhbəri Bəxtiyar Əliyev xalqlarımız  arasındakı dostluq  əlaqələrindən danışdı. O, beynəlxalq  təşkilatlarda daim Azərbaycanı dəstəklədiyinə görə rəhbərlik etdiyi dostluq  qrupu adından İndoneziya hökumətinə təşəkkür etdi. Bildirildi ki,  Azərbaycan sürətlə inkişaf edən bir dövlətdir. Ölkəmizin öz enerji  təhlükəsizliyini təmin etmək baxımından böyük potensialı var. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə 1994-cü ildə Bakıda imzalanan “Əsrin  müqaviləsi” iqtisadi inkişafımıza böyük təkan oldu. 
Sonra Bəxtiyar Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsinin mövcud durumu barədə qonaqlara ətraflı məlumat verdi. Qeyd  olundu ki, bu münaqişədə minlərlə insan şəhid olub, yüz minlərlə  insan hər  hansı formada zərər çəkib, ölkədə bir  milyondan  artıq  qaçqın və məcburi  köçkün  var. Amma bütün bunlara baxmayaraq Azərbaycan dövləti problemin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq  həllinə tərəfdardır. Çünki münaqişə,  nəinki Azərbaycanın, bütövlükdə  regionun  təhlükəsizliyini təhdid  edir.
İndoneziya – Azərbaycan   parlamentlərarası  dostluq  qrupunun rəhbəri, deputat Ferrari Reomavi səmimi görüş və ətraflı məlumat üçün minnətdarlığını bildirdi. Qeyd olundu ki, xalqlarımız arasında münasibətlərin təməli 1992-ci ildə qoyulub. İki  dost ölkə arasında qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün əsaslı zəmin var. Xalqlarımız arasındakı  münasibətləri yüksək qiymətləndirən Ferrari Reomavi iqtisadi əlaqələrin daha da gücləndirilməsinin, parlamentarilər arasında qarşılıqlı səfərlərin intensiv hal almasının zəruriliyini  qeyd  etdi.  
Görüşdə qarşılıqlı maraq  doğuran bir  sıra  məsələlər barədə fikir mübadiləsi  aparıldı.

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU