MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
18 noyabr 2013 | 05:11   
Paylaşın:        

Noyabrın 18-də Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov  ölkəmizdə səfərdə olan  İndoneziya Parlamentinin İndoneziya-Azərbaycan  parlamentlərarası işçi qrupunun üzvləri ilə görüşdü.
İndoneziyalı qonaqları Azərbaycan parlamentində salamlayan Ziyafət Əsgərov bildirdi ki, son illər ölkələrimiz arasındakı münasibətlər intensiv şəkildə inkişaf edir. Azərbaycan bu inkişafda çox maraqlıdır və parlamentlərarası əlaqələrimiz də yüksək səviyyədədir. Ziyafət Əsgərov xatırlatdı ki, ötən il hər iki ölkənin parlament sədrlərinin qarşılıqlı səfərləri baş tutdu. Təbiidir ki, bu səfərlər ölkələrarası münasibətlərə müsbət təsir edir və bu sahədə parlamentlərarası işçi qrupları da mühüm rol oynayırlar.
Ziyafət Əsgərov qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verdi. Bildirdi ki, Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağ ərazisindən çıxarılması ilə bağlı bir sıra nüfuzlu beynəlxalq təşkilatların qəbul etdikləri qətnamələr təəssüf ki, hələ də icra olunmur, Ermənistan tərəfi bu qətnamələrə böyük sayğısızlıq göstərir.
Xocalı soyqırımı barədə də danışan Ziyafət Əsgərov vurğuladı ki, dünyanın bir sıra dövlətləri bu soyqırımı tanıdıqlarına dair qərarlar qəbul ediblər.
Görüş üçün təşəkkürünü bildirən İndoneziya-Azərbaycan  parlamentlərarası işçi qrupunun rəhbəri Ferrari Roemavi Azərbaycanda prezident seçkilərinin şəffaf, demokratik şəraitdə keçirilməsinə və qazanılmış inamlı qələbəyə görə Azərbaycan xalqını və Prezident İlham Əliyevi təbrik etdi. O, Azərbaycanın bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə etdi.
Qonaq bildirdi ki, hər iki ölkənin malik olduğu iqitisadi potensial və maliyyə imkanları əlaqələrin daha da inkişaf etdirilməsinə zəmin yaradır. Ümid edirik ki, ələqələrin  genişləndirilməsinə parlamentlər də öz töhfələrini verəcəklər.
Azərbaycan və İndoneziyanın bütün beynəlxalq qurumlarda bir-birini dəstəklədiyini deyən qonaq bundan sonra da  hər iki dövlətin bu  mövqedə qalacağına əminliyini ifadə etdi.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olundu.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU