MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
19 noyabr 2013 | 02:11   
Paylaşın:        

Noyabrın 18-də Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərovun Türkiyə Vəkillər Kollegiyası İdarə Heyətinin üzvləri ilə görüşü keçirildi.
Ziyafət Əsgərov qonaqları salamlayaraq iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin uğurla inkişaf etdiyi bildirdi.  Dövlət başçısı cənab İlham Əliyevin Prezident seçildikdən sonra ilk rəsmi səfərinin  məhz Türkiyəyə etdiyinin əhəmiyyətini xüsusi vurğuladı. Ölkələrimiz arasında siyasi, iqtisadi, ticarət, enerji sahələrində geniş əlaqələrin mövcudluğunu qeyd etdi. Hüquqi sahədə, o cümlədən vəkillik qurumlarının nümayəndələri arasında əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini söylədi.
Ziyafət Əsgərov ulu öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycanın ilk milli Konstitusiyası barədə məlumat verdi. O, Milli Məclisdə hüquqi sahəyə aid bir çox qanunvericilik aktlarının, bunların arasında “Vəkillər və vəkillik fəaliyyəti haqqında” mükəmməl bir qanunun qəbul edildiyini diqqətə çatdırdı.
Görüşdə vitse-spiker Dağlıq Qarabağ münaqişəsi, problemin həlli istiqamətində beynəlxalq qurumlar tərəfindən qəbul edilmiş qətnamələrin yerinə yetirilmədiyindən söhbət açdı. O, eyni zamanda, Xocalı faciəsinin bir çox dünya ölkələri tərəfindən soyqırım kimi tanınması və bu istiqamətdə səylərin daha da gücləndirilməsindən danışdı. Azərbaycanın münaqişənin sülh yolu ilə həllinə tərəfdar olduğunu, Türkiyənin bu məsələdə ölkəmizə dəstəyinin vacibliyini qeyd etdi. Ziyafət Əsgərov Türkiyənin regiondakı rolunu nəzərə alaraq söylədi ki, Türkiyə nə qədər güclü olacaqsa, Azərbaycan da bir o qədər güclü olacaq.
Türkiyə Vəkillər Kollegiyasının təmsilçiləri Kürşat Karacabey, İzzet Varan və Saide Ekmen ölkələrimiz arasında müxtəlif sahələrdə əlaqələrin  möhkəmləndirilməsinin qürurverici hal olduğunu bildirdilər. Azərbaycanın və Türkiyənin müvafiq qurumları arasında da əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyəti barədə danışdılar. Qonaqlar Türkiyə Vəkillər Kollegiyası barədə məlumat verərək bildirdilər ki, digər sahələrdə olduğu kimi, hüquq sistemində də əlaqələri genişləndirmək, birgə simpoziumlar, seminarlar təşkil etmək faydalı olardı. Onlar hazırda Türkiyədə qanunvericilik sisteminin təkmilləşdirilməsi ilə bağlı iş aparıldığını söyləyərək, hüquqi sahəyə aid digər ölkələrin qanunlarının öyrənildiyini, Azərbaycan qanunlarının mükəmməl olduğunu və daha çox onlardan yararlanacaqlarını qeyd etdilər.
Nümayəndə heyətinin üzvləri Dağlıq Qarabağ münaqişəsinin həllində Türkiyənin Azərbaycana istənilən dəstəyi göstərməyə hazır olduğunu və təmsil etdikləri qurumun təşkil etdiyi toplantılarda bu problemi, o cümlədən Xocalı soyqırımının tanınması məsələsini daim diqqətdə saxlayacağını vurğuladılar.
Görüşün sonunda Türkiyə Vəkillər Kollegiyasının loqosu təsvir olunan plaket Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərova təqdim edildi.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU