Azərbaycanla İndoneziya arasında əlaqələrin genişləndirilməsi üçün imkanlar mövcuddur

XƏBƏRLƏR
18 noyabr 2013 | 06:11   
Paylaşın:        

Noyabrın 18-də Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvləri İndoneziya Parlamentinin Azərbaycanla Dostluq qrupunun nümayəndələri ilə görüşdülər.
Komitə sədri Ziyad Səmədzadə iki ölkə arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini dedi. O, İndoneziyanın yüksək elm və əmək potensialına, zəngin mineral resurslara malik olduğunu qeyd etdi. Bu yaxınlarda İndoneziyada yüksək səviyyədə keçirilən dünya iqtisadiyyatının təkmilləşdirilməsi məsələlərinə həsr olunmuş beynəlxalq forumun əhəmiyyətini vurğuladı.
Ziyad Səmədzadə Azərbaycanda bütün istiqamətlərdə gedən dinamik inkişafdan söhbət açdı. İqtisadi sahədə həyata keçirilən islahatlardan, əldə olunan uğurlardan danışdı. Qeyd edildi ki, neft sənayesi ilə yanaşı, ölkə iqtisadiyyatının digər sahələrində də daim yüksəliş müşahidə olunur. İqtisadiyyatın təkmilləşdirilməsi istiqamətində parlamentin rolundan danışan komitə sədri Milli Məclisdə bu sahəyə aid qəbul olunan qanunvericilik aktları barədə məlumat verdi.
İndoneziya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Ferrari Roemavi Azərbaycanda şahidi olduqları yüksək inkişafla bağlı xoş təəssüratlarını bölüşdü. Ölkəmizlə birbaşa və daha intensiv iqtisadi, ticarət əlaqələrinin qurulmasında maraqlı olduqlarını bildirdi. Qonaq müdafiə sənayesi sahəsində də əməkdaşlığın əhəmiyyəti barədə danışdı. Ölkələrimiz arasında iqtisadi-ticarət dövriyyəsinin artırılmasının səmərəliyini qeyd etdi.
Görüşdə deputatlar Vahid Əhmədov və Rüfət Quliyev iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU