MİLLİ MƏCLİSDƏ ALMANİYALI QONAQLARLA GÖRÜŞLƏR KEÇİRİLDİ

XƏBƏRLƏR
22 noyabr 2013 | 11:11   
Paylaşın:        

Noyabrın 21-də Milli Məclisin sədr müavini Valeh Ələsgərov Almaniya Bundestaqının deputatı Bernhard Shlte-Druqqeltenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
Qonaqları salamlayan Valeh Ələsgərov Azərbaycan ilə Almaniya arasındakı əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayaraq qarşılıqlı səfərlər və parlamentlərin sıx əməkdaşlığının münasibətləri yeni inkişaf mərhələsinə çıxardığını diqqətə çatdırdı. Bildirdi ki, Almaniya Avropanın ən inkişaf etmiş ölkəsidir və onun Azərbaycanla münasibətlərinin böyük tarixi vardır.
Azərbaycanın elm və təhsil sahəsində həyata keçirilən islahatlar haqqında qonağa məlumat verən Milli Məclisin sədr müavini bildirdi ki, Prezidentin tapşırığına əsasən Təhsil Nazirliyi xüsusi proqram işləyib hazırlamışdır. Həmin proqrama əsasən hər il minə yaxın gənc dövlət hesabına dünyanın, Avropanın, o cümlədən Almaniyanın ən qabaqcıl ali məktəblərində təhsil alırlar.
Bernhard Shlte-Druqqelte görüşə görə təşəkkür edərək məlumat verdi ki, Almaniya Bundestaqının maliyə dəstəyi ilə Beynəlxalq Parlamentlər Təqaüdü proqramı həyata keçirilir. Proqrama əsasən, 30 ölkədən 100-dən çox alman dilini bilən gənc 6 ay müddətinə Almaniyada qalaraq ölkənin dövlət quruluşu, siyasi partiyaları ilə tanış olacaq, elmi biliklər əldə edəcəklər. Qeyd olundu ki, proqrama uyğun olaraq Azərbaycandan 5 nəfər gənc seçilərək Almaniyaya göndəriləcəkdir.
Bakıda bir sıra ali təhsil müəssisələrində tələbələrlə görüşlər keçirdiyini deyən Almaniyalı deputat bildirdi ki, Azərbaycanlı gənclər savadlı və vətənpərvərdirlər.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

*       *       *
Həmin gün Milli Məclisdə Azərbaycan-Almaniya parlamentlərarası işçi qrupunun üzvləri ilə Almaniya Bundestaqının deputatı Bernhard Shlte-Druqqeltenin başçılıq etdiyi nümayəndə heyəti arasında görüş oldu.
İşçi qrupun üzvü Fuad Muradov Azərbaycan ilə Almaniya arasındakı iqtisadi və siyasi əlaqələrin inkişaf etdiyini, parlament üzvlərinin qarşılıqlı səfərlərinin faydalı olduğunu diqqətə çatdırdı.
Qeyd olundu ki, Azərbaycan Avropa məkanına inteqrasiya siyasətini prioritet hesab edir və bu qitədəki dövlətlərlə bütün sahələrdə əməkdaşlıq etməkdə maraqlıdır. Azərbaycanın iqtisadi inkişafı yeni məktəblərin tikilməsinə, ali təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmlənməsinə şərait yaratmışdır. Hər il minlərlə gənc dövlətin ayırdığı maliyyə vəsaiti hesabına xarici ölkələrdə təhsil almağa göndərilir.
Dövlət başçısının “neft kapitalının insan kapitalına” çevrilməsi siyasəti istiqamətində həyata keçirilən işlərdən danışan Fuad Muradov Azərbaycanda yüksək səviyyəli təhsil infrastrukturunun yaradıldığını və islahatların davam etdiyini bildirdi.
Bernhard Shlte-Druqqelte ölkəsi haqqında məlumat verərək qeyd etdi ki, Almaniya bugünkü iqtisadi qüdrətinə elm və texnikanı inkişaf etdirməklə nail olmuşdur. Müasir dünya durmadan inkişaf edir, bu inkişafdan geri qalmamaq üçün elmi biliklərin genişlənməsinə və insanların savadlanmasına çalışmaq lazımdır.
Azərbaycanlı gənclərlə görüşdüyünü xatırladan qonaq Bakıdakı ali məktəblərdə yüksək intellektli tələbələrin olduğunu diqqətə çatdırdı.
Görüşdə parlamentlərarası əlaqələrin gücləndirilməsi mövzusunda fikir mübadiləsi aparıldı.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU