AZƏRBAYCAN VƏ TÜRKİYƏ GƏNCLƏRİ ARASINDA DOSTLUQ ƏLAQƏLƏRİ GÜCLƏNİR

XƏBƏRLƏR
22 noyabr 2013 | 06:11   
Paylaşın:        

Noyabrın 22-də Milli Məclis Sədrinin müavini Bahar Muradovanın Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) Gənclər təşkilatının nümayəndələri ilə görüşü keçirildi.
Bahar Muradova Azərbaycan və Türkiyə arasında əlaqələrin müxtəlif istiqamətlərdə olduğu kimi gənclərlə iş sahəsində də yüksək səviyyədə inkişaf etdiyini bildirdi. O, Azərbaycanda dövlət tərəfindən daim gənclərə dəstək verildiyini qeyd etdi, ölkə başçısının gənclərə göstərdiyi diqqət və qayğıdan söhbət açdı. Vitse-spiker ölkəmizdə gənc nəslin milli ideya və yüksək vətənpərvərlik ruhunda yetişməsi baxımından görülən tədbirlər barədə danışdı. Bahar Muradova ölkənin aparıcı siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasında gənclərə olan etimad, onların cəmiyyətdə layiqli təmsil olunmaları üçün yaradılan şərait, partiyanın Gənclər Birliyinin təqdirəlayiq fəaliyyəti barədə ətraflı məlumat verdi.
Milli Məclis Sədrinin müavini parlamentlə bağlı açıqlamasında qanunvericilik orqanının demokratik əsaslarla qurulduğunu dedi. Burada çoxluq təşkil edən Yeni Azərbaycan Partiyası ilə yanaşı,  müxalifətyönümlü, konstruktiv mövqedən çıxış edən digər partiyaların, habelə qadınların və gənclərin də kifayət qədər təmsil olunduğu diqqətə çatdırıldı. Bahar Muradova parlamentlərarası əlaqələrə toxunaraq iki ölkə deputatlarının beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq etdiklərini bildirdi. O, ATƏT Parlament Assambleyasında Dağlıq Qarabağ məsələsi ilə bağlı Türkiyənin Azərbaycanın mövqeyini həmişə dəstəklədiyini minnətdarlıqla qeyd etdi.
Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) Gənclər təşkilatının nümayəndələri Mesud Özdemir, Emre Cemil Aybala, Alattin Ünüvar, Ömer Faruk səmimi görüşə və ətraflı məlumata görə minnətdarlıqlarını bildirdilər. Onlar Türkiyədə həyata keçirilən gənclər siyasəti barədə danışdılar. Ölkədə gənclərin bütün sahələrdə fəal iştirakını diqqətə çatdırdılar. Ölkələrimiz arasında təhsil sahəsində, o cümlədən tələbə mübadiləsi ilə bağlı əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd etdilər. Azərbaycan və Türkiyə gənclər təşkilatları arasında daha sıx əlaqələrin qurulması, birgə layihələrin reallaşmasının önəmli olduğunu bildirdilər.
Görüşdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov və digər nümayəndələri iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU